“Keşlə”nin adını dəyişib “Şamaxı” edib, komandanı eyniadlı bölgəyə göndərəndə yerli azarkeşlərin yaşadığı bayramı görməyə dəyərdi.
Şəxsən aprelin 9-da, stadionun açılış günündə “Neftçi”ylə qarşılaşmanı AFFA prezidenti Rövnəq Abdullayevdən bir cərgə aşağıda oturub izləyəndə hiss etmişdim ki, bayramın ömrü çox çəkməyəcək.
Nədənsə o gün Şamaxıda gördüklərim mənə süni görünmüşdü. Tez-tələsik görülən işlərin gözdən pərdə asmağa hesablandığı anlamaq üçün komandanı Şamaxıya göndərməyin hansı çətinliklər bahasına başa gəldiyinə nəzər yetirmək kifayət idi.
Bölgə təmsilçisi çempionatı bir təhər 7-ci pillədə başa vurub istirahətə buraxıldı, çox keçmədən klubdakı əsas söz sahibi Zaur Axundov işlərinin çoxluğunu əsas gətirib, postu ilə vidalaşdı.
Klub qalıb yiyəsiz. 1 aya yaxındır ki, sahibi yoxdur.
İndi heç kim sahibi bilinməyən, gələcəyi işıqlı görünməyən komandada qalmaq istəmir. Əlinə fürsət düşən kəs “dabanına tüpürüb” qaçır.
İlkin Qırtımovla Felipe Santos “Qəbələ”yə üz tutdu, Tural Axundov “Kəpəz”ə, Amil Yunanov, Kamal Bayramov, Tərlan Quliyev, Şəhriyar Əliyevi “Turan Tovuz”un futbolçuları hesab edə bilərik.
Futbolçu bacarığına arxayın olan kəs “Şamaxı”da qalmaq istəmir. Bu gedişlə yerdə qalanlar da özünə yeni iş yeri tapıb qaçacaq.
Qaçsınlar, kim nə deyir. İstəməyən adamı zorla saxlamaq olmaz.
Məsələ burasındadır ki, “Şamaxı” növbəti mövsümdə Premyer Liqadakı rəqiblərinin önünə çıxarmağa samballı futbolçu tapa bilməyəcək. “As”ların yiyələri var, qalanları da özünə “Kəpəz”də, “Turan Tovuz”da, “Zirə”də, “Qəbələ”də yer etməkdədir.
Gənclərdən və lazımsız legionerlərdən komandaya oxşayan nəsə düzəldib buraxacaqlar “Qarabağ”ın, “Neftçi”nin, “Sabah”ın qabağına.
Gəlib-gedən 3-5-ni vurub yola salacaq. Və hər vurulan qol Şamaxı futbolunun və azarkeşinin üzünə endirilən sillə effekti verəcək.
“İnter”in vaxtında komanda çempion olurdu, yarımcan “Keşlə”nin dönəmində kollektiv ölkə kubokuna sahib çıxırdı. İş “Şamaxı”ya çatanda klub qaldı sahibsiz, futbolçusuz, məşqçisiz.
Bölgə təmsilçisi adında təmsilçisiz, yiyəsiz klub. Şamaxı, “Şamaxı”n mübarək!
HƏBİB

