«Şamaxı»nın Müşahidə Şurasının yeni sədrinin kimliyinə ən qısa zamanda aydınlıq gələcək.
Bu barədə Sportinfo.az-a klubdan bildirilib.
Redaksiyamıza verilən məlumata görə, AFFA hazırda bu məsələ ilə məşğuldur və qarşıdakı 3 gün ərzində vakant posta kimin gətiriləcəyi dəqiqləşəcək.
Xəbərdə qeyd olunur ki, federasiya öz əməkdaşlarından birini bu vəzifəyə əyləşdirmək niyyətindədir.
Sadəcə, bunun üçün Şamaxı İcra Hakimiyyətinin rəyi də nəzərə alınacaq. Rayon rəhbərliyinin «Şamaxı»nın idarəçiliyinə öz kadrını gətirməsi də istisna olunmur.
Son günlər mətbuatda Azər Əliyevin adı hallanır. İddia olunur ki, AFFA Milli Olimpiya Komitəsinin (MOK) baş katibinə futbol klubunun yönətməyi təklif edib.
Ancaq gələn son informasiyalar düşünməyə əsas verir ki, bu variant o qədər də real deyil. Əliyevin MOİK-dakı işlərinin çoxluğu səbəbindən bu təklifi qəbul eləməsi inandırıcı görünmür.
Zaur Axundovun Müşahidə Şurasının sədri postundan istefa verməsindən xəbərdarsız. O, AFFA İcraiyyə Komitəsinin son iclasında bu barədə qərarını açıqlayıb. İş adamı şəxsləri məsələlər və vaxt məhdudiyyəti səbəbindən vəzifəsindən getdiyini bildirib.
Axundovun ardınca, müavini Elşən Abasov və müşaviri Rövşən Nəcəfov postu ilə vidalaşıb. Yaxın günlərdə isə daha bir neçə idarəçinin əyalət klubu ilə vidalaşması gözlənilir.

