Azərbaycanda bu kluba 1 ay möhlət verildi: YEGANƏ VARİANT

4 İyun 2022 15:00 Şamaxı 1 457
Azərbaycanda bu kluba 1 ay möhlət verildi: YEGANƏ VARİANT

“Şamaxı” növbəti problemlə üzləşib. Klub "Sərhədçi" İdman Olimpiya Mərkəzini icarəyə götürə bilməyib.

Sabiq “bankirlər”in kompleksin xidmətindən uzunmüddətli istifadə üçün təklif etdiyi məbləğ qarşı tərəfi razı salmayıb.

Bilindiyi kimi, "Şamaxı" mayın 31-də "ASK Arena"nı tərk etməli idi. Klubun idman mərkəzinin sahibi olan Azərbaycan Sənaye Koorporasiyası (ASK) ilə müqaviləsi bu tarixdə başa çatıb.

“Şamaxı”lılar həmin vaxtadək problemi həll eləməlidir. Hazırda 2 variant yoxdur ki, birini seçsinlər.

Yeganə ümid yeri Şağan Olimpiya İdman Kompleksidir. Di gəl, bu məkanın stadionu standartlara cavab vermir, üstəlik, meydança və paltardəyişmə otaqları ciddi surətdə təmir olunmalıdır.

Fəqət, yeni məkan axtarışının nəticə verməməsi “Şamaxı”nın ASK rəhbərliyindən daha 1 ay möhlət istəməsinə səbab olub. Vəziyyəti nəzərə alan ASK-ın başbilənləri klubun iyunun 30-dək burada qalmasına razılaşıb.

Apreldən etibarən təmsil etdiyi Şamaxıda ev oyunlarını keçirməyə başlayan sabiq «bankirlər» yeni mövsümdə də tam şəkildə əyalətdə məskunlaşmayacaq.

13 yaşdan yuxarı qruplar, gənclərdən və əvəzedicilərdən ibarət heyətlər, o cümlədən, əsas komanda paytaxtda qalacaq.

Heydər Əliyev prospektində yerləşən stadion və baza təyinatı üzrə istifadə olunacaq. Böyük idman kompleksin yeni istifadəçisinin kimliyi də məlumdur - “Sabah“.

Azərbaycan Sənaye Korporasiyası ilə “ağ-göylər“ arasında gedən danışıqlar buranın uzunmüddətli icarəyə götürülməsi ilə nəticələnib. “Sabah“ın iyulun 1-dən etibarən “ASK Arena“da məskunlaşmağa başlaması planlaşdırılır.

AFFA “Termist” adlı idman qurğusunun əsasında bu məkanı UEFA-nın ayırdığı vəsait hesabına 2000-ci ildə əsaslı yenidən qurub. Yenidənqurma işləri 4,5 milyon dollara başa gəlib.

2001-ci ildən istifadəyə verilən arena ilk olaraq “Şəfa” adlandırılıb. Arena öncədən milli komandaların təlim-məşq bazası üçün nəzərdə tutulub.

Əsas meydançada milli çempionatın ilk dövrəsində “Olimpik” ev oyunlarını keçirib. 2014-cü ildə stadion “İnter”ə (hazırkı “Keşlə”) 4,25 milyon manata satılıb.

Federasiya bu addımını stadionu öz imkanları hesabına saxlaya bilməməsi ilə əsaslandırıb. Stadionun adı dəyişdirilərək, “İnter”in adına uyğun olaraq "İnter Arena" adı verilib.

2018-ci ilin 20 iyulunda Azərbaycan Sənaye Korporasiyasının balansında olduğu üçün stadiona şirkətin adının baş hərfləri (ASK) verilib və burada “Keşlə” ev oyunlarını keçirib.

Ötən il isə stadionun idarə edilməsi səlahiyyəti “ASK İdman Kompleksi” MMC-dən alınaraq, “ASK Əmlak” MMC-yə verilib.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti