Kapitan “Səbail”in ən mühüm problemini gizlətmədi

20 Aprel 23:00 Səbail 406
Kapitan “Səbail”in ən mühüm problemini gizlətmədi

“Səbail” “Kəpəz”lə oyunda heç-heçə etməklə avrokuboklara vəsiqə qazanmaq şansını bir xeyli çətinə saldı.

İlk hissəni məğlub başa vuran, fasilədən sonra vurulan 3 qolla geridönüş etməyi bacaran “dənizçilər” son saniyələrdə buraxılan qolla qələbəni əldən verdi.

Mövsümün başa çatmasına 6 tur qaldığını nəzərə alsaq, əsas rəqiblərindən 5-7 xal geri qalan Bayıl təmsilçisinin yekunda vəsiqəyə sahib olması çətin görünür. Lakin mümkünsüz də deyil.

Komandanın kapitanı Adil Nağıyev Sportinfo.az-a açıqlamasında “Səbail”in şanslarını dəyərləndirib:

“Komanda şəklində istəyimiz mövsümü daha üst pillələrin birində başa vurmaqdır. Bunun üçün gücümüz də var, özümüzə inamımız da.

Çatışmayan azacıq diqqətsizlikdir ki, finişə yaxın bu məqama daha çox fikir verməliyik.

Elə bir mərhələdəyik ki, istər-istəməz gərginlik, stres olur. “Kəpəz” bizə nisbətən daha rahat oynayırdı.

Çünki itiriləcək heç nə yoxdur. Bizdəki vəziyyət isə əksinədir.

Diqqətli olanda, məsuliyyəti artıranda meydanda istədiyimizi edə bilirik. Bunu ikinci hissədə 3 qol vurmaqla göstərdik.

Ümid edirəm ki, son oyunlarda rahat oynamaqla istəyə çatacağıq”.

30 turdan sonra 39 xalla 7-ci pillədə qərarlaşan Şahin Diniyevin rəhbərlik etdiyi kollektiv aprelin 21-də “Liv Bona Dea Arena”da “Araz-Naxçıvan”la qarşılaşacaq.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti