«Şəfa»nın vitse-prezidenti Əfran İsmayılov özünə ikinci iş yeri tapıb.
Bu ilin iyunundan «ağ-göylər»də vəzifə tutmağa başlayan sabiq «Qarabağ»lı indi də «Səbail»ə «ayaq açıb».
O. Artıq bir neçə gündür qeyri-rəsmi olaraq burada fəaliyyətə başlayıb. Klub rəhbərinin şüaviri qismində əl-qolunu çırmalayaraq, I Liqa mənsubunun gündəlik işləri ilə məşğuldur.
Demək olar hər gün görüşlər keçirir. Dünən də komandanın qaldığı otelə yollanaraq, idarəçilər və məşqçilərlə görüşüb, onlarla uzun-uzadı söhbət edib, birlikdə Çempionlar Liqasının oyunlarını izləyiblər.
Bir klubda çalışıb, başqa yerə nəzarət etmək İsmayılovun təcrübəsində yenilik deyil. O, «Araz-Naxçıvan»da məşqçi işlədiyi 3 il ərzində «Şəfa»da söz sahibi olub.
Naxçıvan təmsilçisindən maaş aldığı halda, «Şəfa»nın idarəçiliyini tamamilə öz əlində saxlayıb. Ən böyük məsələlərdən tutmuş, ta ən xırda söhbətlərə kimi hər şeyə qarışıb.
Baş məşqçi təyinatından hansısa sıravi əməkdaşın işə götürülməsi, yaxud işdən çıxarılmasına qədər. «Araz»ın büdcəsi azalandan sonra isə «Şəfa»ya təyinatı rəsmiləşdi.
Hazırda isə paytaxt klubunun özünün maliyyə vəziyyəti pisdir. İki aydan çoxdur əməkhaqqılar verilmir.
Hara desən, kimə desən, borcları var. Ödənilməsi gərəkən məbləğ bu gün-sabah yarım milyon manata yaxınlaşır.
Deyəsən, Əfran İsmayılov hiss edir ki, «Şəfa»da vəziyyət tezliklə düzələnə oxşamır. Bəlkə də artıq bilir ki, onu burada xoş günlər gözləmir.
Ya vəlvələdən, ya zəlzələdən - adam artıq «Səbail»ə böyük «əlcək atıb». Yəqin ki, bir müdət sonra bu təyinat rəsmiləşəcək.
Bu, başqa məsələ ki, Əfran İsmayılov «Səbail»ə nə verəcək? Doğrudan da ki, «Şəfa»ya umac ova bilməyən funksioner onlara əriştəmi kəsəcək?
Öz keçəlinə çarə tapmayan biri «Səbail»ə nə çıxış yolu göstərə, kömək edə bilər ki? Təcrübəsi yox, fərasəti yox.
«Şəfa» Premyer Liqanın 10 turu ərzində 8 məğlubiyyət alıbsa, bunun tək günahkarı Zaur Həşimov sayılmamalıdır. Baş məşqçi ilə yanaşı, vitse-prezident də məsuliyyət daşıyır.
Çünki sponsorlar komandanın yol planını onun təklifləri və istəkləri əsasında tərtib edib. Üstəlik, seleksiya işinə şəxsən qarışıb.
Təbii, yayda düzgün transfer siyasəti aparılsaydı, paytaxt təmsilçisi indi elitada can verməzdi.
KƏNAN / SPORTİNFO.AZ
