«Neftçi»də son aylarda baş verən dəyişikllər, nəticələrin yaxşılaşması və turnir cədvəlinin ilk pillələrinə yüksəlməsi fonunda, diqqət çəkən məsələlərdən biri Emin Mahmudovun komandadakı roludur.
Uzun illər «Neftçi»nin siması, kapitanı və meydandakı əsas liderlərindən biri olan yarımmüdafiəçinin son vaxtlar az oyun keçirməsi azarkeşlər və futbol ictimaiyyəti arasında haqlı suallar yaradır.
Niyə 34 yaşlı Emin əvvəlki qədər meydana çıxmır? Onun fiziki vəziyyəti necədir?
Baş məşqçi Yuri Vernidubun oyun planında kapitanın yeri nədir? Və ən əsası, klub rəhbərliyi bu məsələ ilə bağlı niyə daha ətraflı açıqlama vermir?
Emin Mahmudovun əhəmiyyətini yalnız «Neftçi»də keçirdiyi oyunlarla qiymətləndirmək düzgün olmazdı. O, Azərbaycan futbolunun tarixinə adını yazdırmış futbolçulardan biridir.
2016-cı ildən Azərbaycan millisinin formasını geyinən yarımmüdafiəçi hazırda milli komandanın tarixində ən çox qol vuran biridir.
Eminin hesabında 16 qol var. O, uzun illər bu rekordun sahibi olmuş Qurban Qurbanovun 14 qolluq göstəricisini geridə qoyub. Üstəlik, millidə 65 qarşılaşmada iştirak edib.
Əlbəttə, futbol keçmiş xidmətlərə görə heyət formalaşdırılan idman növü deyil. Heç bir futbolçu yalnız adına, statusuna və ya əvvəlki uğurlarına görə start heyətində yer almamalıdır.
Meydana çıxmaq üçün hazırkı fiziki vəziyyət, taktiki uyğunluq və məşq prosesində göstərilən performans əsas götürülməlidir.
Emin Mahmudov da bu prinsiplərdən kənarda qalmamalıdır. Ancaq idman prinsipləri ilə hörmət və düzgün kommunikasiya bir-birinə zidd deyil.
«Neftçi» rəhbərliyi və məşqçilər korpusu azarkeşlərə aydın şəkildə izah etməlidir: Eminin hazırkı fiziki vəziyyəti necədir, onun oyun vaxtının artırılması hansı mərhələlərlə planlaşdırılır və baş məşqçinin gələcək taktiki modelində kapitanın rolu nədən ibarətdir?
Bu sualların cavablandırılması futbolçuya əlavə təzyiq yaratmaq deyil, əksinə, yaranmış qeyri-müəyyənliyi aradan qaldırmaqdır.
Çünki «Neftçi»nin tarixində elə futbolçular var ki, onların dəyəri yalnız vurduqları qollarla və qazandıqları xallarla ölçülmür. Emin Mahmudov da həmin simalardandır.
Azərbaycan millisinin tarixində ən çox qol vuran futbolçu, «Neftçi»nin 289 rəsmi oyun keçirmiş və 72 qol vurmuş kapitanı, ölkə çempionu və ikiqat Azərbaycanın ən yaxşı futbolçusu.
Bu gün komanda qalib gələndə, turnir cədvəlinin zirvəsinə yüksələndə və azarkeşlər yenidən böyük hədəflər haqqında danışanda dünənki çətin günlərdə bu yükü daşıyan insanları unutmaq olmaz.
Emin Mahmudovun bu gün start heyətində olub-olmaması müzakirə edilə bilər. Onun hazırkı fiziki vəziyyəti və komandadakı gələcək rolu sual altına qoyula bilər.
Ancaq «Neftçi» üçün gördüyü işlər, çətin dövrlərdə daşıdığı məsuliyyət və Azərbaycan futbolunun tarixinə yazdığı rekordlar müzakirə mövzusu olmamalıdır.
Əsl azarkeşlik yalnız qələbə günlərində komandanın yanında olmaq deyil, həmin qələbələrə gedən yolda əməyi olan insanları da unutmamaqdır.
SPORTİNFO.AZ
