I Liqada 7-ci turun mərkəzi qarşılaşması Masazırda gerçəkləşəcək.
“Səbail”nominal meydan sahibi qismində “Gəncəbasar”ı qəbul edəcək.
Mövsümə sürpriz nəticələrlə başlayan və 6 turdan sonra 15 xalla turnir cədvəlinə liderlik edən Gəncə təmsilçisi növbəti dəfə ciddi sınaq qarşısındadır.
İki tur əvvəl səfərdə “Karvan-Yevlax”a 1:2 hesabı ilə uduzan Elhad Nəzirinin komandası bu dəfə çempionluğa iddialı digər rəqiblə üz-üzə gələcək.
Yeri gəlmişkən, çempionluq uğrunda mübarizə aparan beş əsas namizəd var. “Gəncəbasar” indiyə qədər onlardan yalnız biri ilə qarşılaşıb və həmin sınaqdan üzüağ çıxa bilməyib.
Bu baxımdan Masazırdakı görüş lider üçün həm də iddiasını təsdiqləmək baxımından xüsusi əhəmiyyət daşıyır.
“Səbail”in vəziyyəti isə heç də ürəkaçan deyil. Yayda böyük maliyyə vəsaiti xərcləyərək Premyer Liqa təcrübəsi olan tanınmış futbolçuları və legionerləri heyətinə qatan “dənizçilər” hələ ki gözlənilən nəticələri verə bilmir.
6 turdan sonra aktivində cəmi 11 xal olan Bayıl təmsilçisi çempionluğa əsas namizədlərdən “Karvan-Yevlax”la öz meydanında heç-heçə edib (1:1), Binə qəsəbə stadionunda isə “Şahdağ Qusar”a 0:1 hesabı ilə uduzub.
Beləliklə, qarşıdakı oyun Elnur Abdullayevin rəhbərlik etdiyi kollektiv üçün də növbəti ciddi sınaq olacaq. “Gəncəbasar” üzərində qələbə qazanılacağı təqdirdə “Səbail” xallarının sayını 14-ə çatdıraraq liderə yaxınlaşacaq.
Əks halda Bayıl təmsilçisinin çempionluq iddiası daha da mürəkkəbləşəcək.
Düzdür, çempionatın başa çatmasına hələ çox var. Ancaq mövsümün startında itirilən xalların sonradan kompensasiya edilməsi heç də asan deyil. Bu mənada Masazırdakı qarşılaşma hər iki komanda üçün xüsusi əhəmiyyət daşıyır.
Bir tərəfdə liderliyini qorumaq, digər tərəfdə isə zirvəyə yaxınlaşmaq istəyən kollektiv var.
Yeri gəlmişkən, görüş Elnur Abdullayevlə Elhad Nəzirinin dueli kimi də maraq doğurur. Kifayət qədər iddialı və imkanlı komandaları çalışdıran gənc mütəxəssislərin qarşılaşmasında psixoloji cəhətdən daha hazırlıqlı, taktiki baxımdan daha düzgün qərarlar verən tərəfin üstünlük qazanacağı şübhəsizdir.
Bir sözlə, futbolsevərləri Masazırda maraqlı və prinsipial qarşılaşma gözləyir.
Odur ki, sentyabrın 5-də saat 15:00-dan etibarən imkanı olan hər kəs “Bank Respublika Arena”ya üz tutsun.
Bu oyunun futbol zövqü heç şübhəsiz, bir başqa olacaq.
HƏBİB / SPORTİNFO.AZ
