Premyer Liqa klubu düçar olduğu bəlaya görə ÖZÜNÜ QINASIN

17:00 Araz-Naxçıvan 273
Premyer Liqa klubu düçar olduğu bəlaya görə ÖZÜNÜ QINASIN

“Araz-Naxçıvan” Yuri Maksimovun rəhbərliyi altında keçirdiyi üçüncü görüşdə də məğlub oldu.

Matçdan sonra ukraynalı mütəxəssis müdafiədə sadə səhvlərə yol verdiklərini, hücumda isə ələ düşən fürsətləri dəyərləndirə bilmədiklərini bildirdi.

Həqiqətən də, “Araz-Naxçıvan” sadə epizodlarda qollar buraxdı, ən yaxşı imkanlarını isə sağa-sola xərclədi.

Amma bütün bunlar heç də səbəbsiz deyil. Sol cinah müdafiəçisi mərkəz müdafiəçisi kimi oynayırsa, dayaq yarımmüdafiəçisi Patrik Andrade az qala hücumun sivri ucunda, 9 nömrə mövqeyində çıxış edirsə, başqa nə gözləmək olar?

Kimsə deyə bilər ki, Maksimovun nə günahı var? Əlində olan heyət budur. Gəlin, elə buradan başlayaq.

Ehtiyat oyunçular skamyasında sırf hücumçu olan Ülvi İsgəndərov var idi. Əgər Salyanski yoxdursa, ehtiyatdakı hücumçuya meydanda şans verilməlidir. Lazım gələrsə, Letiç də oynamasın, başqa variant sınansın.

Maksimov bunu zədəli və cəzalı oyunçuların yoxluğu ilə əlaqələndirib.

Hücumçu Ağadadaş Salyanski cəzalı durumdadırsa, İsof Paro zədəlidir.

Bir Premyer Liqa klubu iki futbolçunun yoxluğundan bu qədər əziyyət çəkməlidir?

“Araz-Naxçıvan” mövsümü bu vəziyyətdəmi başa vuracaq?

Bildiyim qədərilə, Cavid Hüseynovun dönəmində də rəhbərlikdən israrla mərkəz müdafiəçisi alınması tələb olunub.

Ancaq bu istək yerinə yetirilməyib. Deməli, problem Maksimov gələndən sonra yaranmayıb.

Bəs Maksimov komandaya gələndə bu çatışmazlıqları görmürdü ki, zədələnən mərkəz müdafiəçisini əvəzləyəcək futbolçu, cəzalanan hücumçunun yerini dolduracaq alternativ yoxdur?

Bir komandada zədələnən stoperin əvəzi yoxdursa, cəzalı hücumçunun yerinə meydana buraxılacaq futbolçu tapılmırsa, belə komandada Maksimovun nə işi var idi?

Hər halda, məsuliyyət yenə də baş məşqçinin üzərinə düşür.

Lakin rəhbərlik də bu məqamlar üzərində ciddi düşünməlidir.

Bir Premyer Liqa klubunun heyəti bu qədər kasad olmamalıdır.

Bir Premyer Liqa klubunun heyəti bu qədər həvəskar səviyyədə formalaşdırılmamalıdır.

Əks halda, bu cür nəticələrə hazır olmalısan.

XANOĞLAN/ SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti