Kənardan idarə olunan klubda növbəti "TORBA" ƏMƏLİYYATI"

13 Mart 2023 17:40 Səbail 1 409
Kənardan idarə olunan klubda növbəti "TORBA" ƏMƏLİYYATI"

Bu aralar vəziyyət yenə qarışıqdı «Səbail»də.

Sular hələlik lal, amma bulanıq axır.

Birilər burada yenə öz «amplua»sına qayıdıb. Aftandil Hacıyevin, ardınca Mahmud Qurbanovun ayağının altını qazanlar indi də Şahin Diniyevin «kölgəsini qılınclayır».

Stadionun künc-bucağında özlərinə gizli yer seçənlər hazırkı baş məşqçinin göndərilməsi üçün əllərindən gələni əsirgəmir.

Hacıyev çox cəhd elədi, sonda təslim oldu, baxarmadı onlarla. Qurbanov təhlükənin varlığından xəbər tutanda isə artıq gec idi, onu çox tez bitirdilər.

Diniyev cəld tərpənməsə, bir az tez, bir az gec özünü çölə atacaqlar.

«Səbail» kənardan idarə olunan klubdur. Komandanı idarə olunmaz hala gətirən isə daxildəki, hər gün Bayıldakı bazanın qapısından içəri keçib, yuxarı başda əyləşən şəxslər və onların əlaltılarıdır.

Onlarla zarafat etmək olmaz. Diniyev bu işi zarafata salıb sabaha saxlasa, bir gün səhəri telefonun mesaj qutusuna gələn «qovuldun» xəbəriylə açacaq.

Axı bunlar hayla gələni vayla yola salmağa adətkərdədir.

Neçə həftədir meydanda qazanmırlar. Sırf meydandankənar amillərə, meydandan kənarda dayanmış şəxslərə görə.

Birbaşa futbolçulara təsir edir, təzyiq göstərirlər, qaşınmayan yerdən qan çıxarmaq yolu seçiblər.

Diniyevin burada görünməsi bu kəsləri daha çox narahat edir, nəinki komandanın turnir cədvəlinin dibində yuxulayıb qalması.

Bizdən demək, xəbərdarlıq etməkdir. Diniyevin sonra «bilmirdim, eşitməmişdim» deməməsi üçün.

ELNUR

Digər Xəbərlər
Xəbər Lenti