
Turan Manafov karyerasını ölkə xaricində davam etdirəcək.
"Səbail”lə müqaviləsinin müddətini 1 il – 2023-cü ilin yayına qədər uzadan müdafiəçi cari mövsümün sonuna qədər Yunanıstan “Olimpiakos Volos”unun uğurları üçün tər tökəcək.
İki klub arasında məktublaşma son 2 həftəni əhatə etsə də, tərəflər ortaq məxrəcə gələ bilmirdi. Məqsəd Bayıl təmsilçisinin yunanlardan bu transfer üçün pul tələb etməsi idi.
Nəhayət, razılıq əldə olunub. Həm də “Olimpiakos Volos”un Azərbaycana pul köçürməsi etmək şərti ilə.
Müdafiəçinin anlaşma sənədində Turanın başqa kluba keçidi 200-300 min manat arası göstərilsə də, “Səbail” onu 6 min manata buraxıb. Bu məbləğ isə “dənizçilər”in Turana avqustdan dekabra qədər ödədiyi maaşı cəmidir.
Bayıllıların bu addımı atmasında məqsəd gələcəyə hesablanan plandır. Klub rəhbərliyi futbolçu ilə müqavilənin müddətini uzadıb,
Manafovu ona görə icarəyə göndərib ki, həmyerlimiz öz oyunu ilə Yunanıstanda rəğbət qazanıb, “elçilər”i qapıya düzülməyə vadar etsin.
Yayda onu heyətində görmək istəyən klublar olarsa, “Səbail” bu dəfə ciddi məbləğlə çıxış edəcək. Artıq futbolçuya transfer qiyməti də qoyulub və sənəddə göstərilib: 100 min avro!
Qısası, yeni müqavilə imzalamaq hər iki tərəf üçün düşərli oldu.
Bircə qalır azərbaycanlı futbolçuya ilk dəfə legioner həyatı yaşayacağı ölkədə uğur diləmək.
HƏBİB / SPORTİNFO.AZ