
Yeni mövsümə hazırlıqları davam etdirən "Səbail" böyük çətinliklə üz-üzədir. Aftandil Hacıyev istədiyi futbolçuları komandaya cəlb edə bilmir.
Sportinfo.az-ın məlumatına görə, buna tək səbəb komandanın büdcəsidir. Ötən mövsümlə müqayisədə kəskin azaldılan büdcənin fonunda futbolçulara çox az məbləğə komandada qalmaq təklif olunub.
Əbəs deyil ki, son mövsüm heyətdə olan 6 legionerdən heç biri yeni şərtləri qəbul etməyib.
Hətta yerli futbolçuların da əksəriyyəti bu səbəbdən komandanı tərk edib.
Baş məşqçi isə ayrılıqların fonunda ən azı 10 transferin vacibliyini rəhbərliyə bildirib. Gənc mütəxəssis belə vəziyyətdən çıxış yolu kimi Cavid Tağıyev, Elşən Abdullayev kimi uzun müddət zədədən əziyyət çəkən futbolçuları komandaya cəlb etməyə çalışır. Heç onların belə hazırkı şərtlərə "hə" deməsi dəqiq deyil.
Xatırladaq ki, yay fasiləsində "Səbail"i 10-dan çox futbolçu tərk edib. Əvəzində isə yalnız Şəhriyar Rəhimov, Məhəmməd Mirzəbəyov və Cabir Əmirli komandaya transfer edilib.