"Qəbələ"yə razılığımı çoxdan vermişəm, istəsələr, qayıdaram"

9 Aprel 2020 20:10 Qəbələ 781
"Qəbələ"yə razılığımı çoxdan vermişəm, istəsələr, qayıdaram"

"Xəyalım Azərbaycana qayıtmaqdır. Belə bir şansım olsa, bunu günü sabah edərəm".

Sportinfo.az xəbər verir ki, bunu apasport.az-a "Liepaya"nın yarımmüdafiəçisi Luis Paulo Hilario Dodo deyib.

"Qəbələ"nin sabiq kapitanı mövsümün sonunda sevimli komandasına dönmə ehtimalını dəyərləndirib. Dodo hələ ötən il buna yaxın olduğunu, lakin son anda "Qəbələ"yə dönüşünün baş tutmadığını söyləyib:

"Düzdür, keçən il klub rəsmisi Zaur Əzizovla danışığım olmuşdu. Onlar qayıtmağımı istəyirdilər və buna razılıq vermişdim. Braziliyaya yollandım, müqaviləni göndərmələrini gözlədim. Belə bir addım atmadıqları üçün Latviyaya qayıtdım".

Dodo 2011-2016-cı illərdə "Qəbələ"nin formasını geyinib. 33 yaşlı braziliyalı hücumameyilli oyunçu Premyer Liqa klublarının maddi durumlarının əvvəlki səviyyədə olmadığını bildiyini və az maaş qarşılığında "Qəbələ"yə qayıtmağa hazır olduğunu söyləyib:

"Oradakı situasiyadan xəbərdaram. Bu durumu qəbul etmişəm. Mən razılığımı çoxdan vermişəm, onlar istəsələr, qayıdaram. Çünki Azərbaycan mənim ikinci vətənimdir. "Qəbələ"ni çox sevirəm, karyeramı da bu komandada bitirməyim əla olar".

Digər Xəbərlər
Xəbər Lenti