Dövlət qəzeti: "Qarabağ” öz imzasını atdı - Avrokuboklarda növbəti möcüzəsinə

23 Oktyabr 2021 19:20 Qarabağ 1 900
Dövlət qəzeti: "Qarabağ” öz imzasını atdı - Avrokuboklarda növbəti möcüzəsinə

“Azərbaycan” qəzeti “Qarabağ”ın Konfrans Liqasında uğurlu çıxışı ilə bağlı geniş məqalə hazırlayıb.

Sportinfo.az həmin yazını təqdim edir:

Qarşılaşmaya həddindən artıq böyük maraq olduğundan Tofiq Bəhramov adına Respublika Stadionunun qarşısında izdiham var idi.

Belə ki, avrokuboklarda yeganə təmsilçimiz “Qarabağ”ın Konfrans Liqasının H qrupunda keçirdiyi son 2 matçdakı nəticələri Qazaxıstan təmsilçisi “Kayrat”la oyuna marağı daha da artırmışdı.

Matçın təhlilinə keçmədən öncə vurğulayaq ki, “Kayrat” üzərində qazanılan əzmkar qalibiyyət “Qarabağ”ın avrokuboklarda yubiley - 50-ci qələbəsi kimi tarixə düşdü.

Ağdam klubu qələbələrin 16-sını ən nüfuzlu turnir sayılan Çempionlar Liqasında, 27-sini UEFA Kuboku/Avropa Liqasında, 1-ini İntertotoda, nəhayət, 6-sını Konfrans Liqasında əldə edib.

İlk hissədə tutmayan plan

Matçın gərgin mübarizə şəraitində keçəcəyi gözlənilən idi. Qarşılaşmanın ilk dəqiqələrindən etibarən qonaqlar meydançanın “Qarabağ”a aid hissəsində pressinq tətbiq edərək ağdamlıların oyun qurmasına mane oldular. Bir sözlə, təmsilçimiz müdafiədən topla çıxaraq oyun qurmaqda çətinlik çəkirdi. Mərkəz müdafiəçiləri Medina və Maksim Medvedevin topu oyuna daxil etmədə problem yaşadıqlarından dayaq yarımmüdafiəçilər Qara Qarayev və Patrik Andrade daha çox geriyə gələrək 3-cü mərkəz müdafiəçi funskiyasını yerinə yetirdilər. Bu da mərkəzdə boş zonalar yaratmaqla yanaşı, itirilən hər topun ağdamlıların qapısı qarşısında təhlükəli epizodlar yaranmasına səbəb oldu. Belə epiozadlardan birində müdafiənin arxasına atılan ötürmədən sonra rəqib komanda penalti qazandı. Nəticədə zərbəni dəqiq yerinə yetirən Kante qonaqları hesabda irəli çıxardı.

Buraxılan qoldan sonra hücumların daha çox cinahlardan qurulmasına önəm verən Qurban Qurbanovun komandasının oyun planı istədiyi kimi alınmadı. Ağdamlılar qurulan hücumlarda topun sürətini artıra bilmədilər. “Kayrat”ın tətbiq etdiyi təzyiq “Qarabağ”ın meydançada 1-ci və 2-ci zonadakı oyunçuları arasında əlaqəni kəsdi. Nəticədə 3-cü zonada yer alan futbolçular məcbur olaraq həm müdafiə olunmada, həm də topu alaraq hücumların qurulmasında səy göstərdiklərinə görə meydançanın rəqibə aid hissəsində çoxala bilmədilər.

Berdıyevin müdafiə futbolu necə yarıldı?

“Kayrat”ın baş məşqçisi Kurban Berdıyevin çalışdırdığı komandalar həmişə müdafiə taktikası, rəqibə boş zona verməmək, əks-hücum zamanı, əsasən, irəlidəki bir-iki futbolçunun fərdi keyfiyyətlərinə hesablanan oyun planı ilə yadda qalıb. Rəqibləri nə oynamağa, nə də oynatmağa qoyurlar. Bunun öhdəsindən gəlmək üçün isə mütləq həm toplu, həm də topsuz oyunda hazırlıqlı, ötürmələrdə daha sürətli olmaq lazımdır.

Fasilədən sonra “Kayrat” topu Ağdam təmsilçisinə verərək daha çox qaçmağa başladı. “Qarabağ” isə müdafiə xəttini daha çox meydançanın mərkəzinə çəkərək rəqibə boş zona yaratmadı. Vaxt ötdükcə komandamız rəqibə qarşı üstünlük qurmağa başladı. Qurban Qurbanovun oyun planı meydançada tətbiq edildi. Abdulla Zubirin tez-tez cinahları dəyişməsi “Kayrat”ın müdafiə xəttində balansın pozulmasına səbəb oldu.

Əlavə edək ki, müdafiənin mərkəzində daha sayıq görünən Qazaxıstan təmsilçisi cinahlarda heç də uğurlu deyildi. Çünki sağ və ya sol cinah müdafiəçiləri hücuma qoşularkən itirilən toplardan sonra geriyə qayıtmada ciddi problem yaşadı. Belə ki, hücumda çoxalarkən, müdafiə olunmaqda say baxımından geri qalan “Kayrat” matçın son 20 dəqiqəlik hissəsində qapısı qarşısında təhlükəli epizodlar yaşadı. Xüsusilə cinah ötürmələrinə üstünlük verən komandamız ikili mübarizələrdə də Qazaxıstan klubundan daha güclü idi. Qurulan hücumlardan sonra geri qayıdan topların hamısına “Qarabağ” futbolçuları yiyələndilər. Bir sözlə, Ağdam komandası meydançanın bütün zonalarında sona qədər mübarizə apardı. Yekunda, Ramil Şeydayevin və Abbas Hüseynovun vurduqları qollar sayəsində “Qarabağ” qalib gələrək pley-off mərhələsi üçün çox önəmli bir imkan əldə etdi.

Qrupun digər matçında isə İsveçrə “Bazel”i evdə Kipr “Omoniya”sını qəbul edib. Matç meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

O Q H TF M X

1 Bazel 3 2 1 7-3 0 7

2 Qarabağ 3 2 1 6-2 0 7

3 Kayrat 3 0 1 3-6 2 1

4 Omoniya 3 0 1 2-7 2 1

* “Qarabağ” avrokuboklarda 50-ci qələbəsini qazandı.

* 1976-cı ildə “Kayrat” SSRİ çempionatı 1-ci liqasının qalibi, “Neftçi” isə ikinci olaraq güclülər dəstəsinə vəsiqə qazanıblar. O vaxt Bakı komandasının məhz Ağdam əsilli hücumçusu Elbrus Abbasov 28 qolla turnirin bombardiri olub.

* “Qarabağ” və “Kayrat”ın mübarizəsindən əvvəl bu klubların baş məşqçiləri Qurban Qurbanov və Kurban Berdıyev 2002-ci ildə Rusiya çempionatı 1-ci divizionu çərçivəsində iki dəfə üz-üzə gəliblər. O vaxt Qurbanov Voronej “Fakel”inin hücumçusu, Berdıyev isə Kazan “Rubin”inin baş məşqçisi olub. Hər iki qarşılaşmada həmyerlimizin komandası eyni 0:2 hesabı ilə uduzub.

* “Qarabağ”ın qapıçı məşqçisi Elxan Həsənov vaxtilə futbolçu kimi “Kayrat”a qarşı çıxış edib. O, 1988-1990-cı illərdə SSRİ çempionatı və digər yarışlar çərçivəsində Almatı klubu ilə, ümumilikdə, 7 oyunda “Neftçi”nin qapısını qoruyub.

* Qarşılaşmadan öncə koronavirus xəstəliyindən dünyasını dəyişən telejurnalist Elnur Əşrəfoğlunun xatirəsi anılıb.

Elçin Cəfərov

Digər Xəbərlər
Xəbər Lenti