“Qarabağ”ın qapıçısı Mateuş Koxalskinin “Vyeçista”a keçməsindən xəbərdarsız.
2024-cü ilin yayında “Stal“dan 1 milyon avro təzminat qarşılığında “Qarabağ”a keçən polşalı bu müddətdə 76 oyun keçirib.
O, burada Azərbaycan çempionu olub (2024/25), Çempionlar Liqasında 1/8 finala vəsiqə uğrunda pley-offa qədər irəliləyib və turnirdəki 40 seyvlə “Top-3”də qərarlaşıb.
“Vyeçista” onunla 3 illik müqavilə bağlayıb. Razılaşmaya əsasən, yeni klubu Mateuşu qarşıdakı üç il ərzində üçüncü tərəfə satarsa, buradan əldə olunacaq gəlirin 20 faizi Premyer Liqamızın vitse-çempionuna çatacaq.
Üçüncü tərəf deyilərkən, burada Polşada yerdəyişmə nəzərdə tutulmur. Söhbət Koxalskinin Avropanın başqa ölkəsinə üz tutmasından gedir.
Polşa mediası Krakov təmsilçisinin “köhlən atlar“a 500 min avro təzminat ödədiyini yazıb.
Yerli həmkarlarımız iddia edib ki, “Qarabağ” buradan ayrılmaq qərarından dönməyən kiperə görə başqa çağırış almayıb, ona görə də “Vyeçista”nın təklifini qəbul etmək məcburiyyətində qalıb.
Bu məlumat həqiqətin özü deyil. Saytımızın öyrəndiyinə görə, “Qarabağ” kontraktı 2027-ci ilin yayında bitəcək “əəlcək sahibi”ni göstərilən rəqəmə satmayıb.
Razılaşdırılan kompensasiyanın miqdardı ictimaiyyətə təqdim olunan məbləğdən bir xeyli çoxdur.
SPORTİNFO.AZ
