Avropada qolları sıralayan azərbaycanlı hücumçu bilirsiz, kimdir?

22:20 Qarabağ 171
Avropada qolları sıralayan azərbaycanlı hücumçu bilirsiz, kimdir?

Mahir Emrelinin Polşaya ikinci dönüşü fantastik keçir.

Milli komandamızın hücumçusu “Rakuv”da keçirdiyi ardıcıl 11-ci oyunda 6-cı dəfə fərqlənib. Sosial şəbəkələrdə hər kəs böyük fəxrlə Emrelinin qollarını paylaşır, sevinir, bayram edir.

Amma bu, bilirsiniz, hansı Mahir Emrelidi?

Bir vaxtlar Qurban Qurbanov legioner limitinin tətbiq olunduğu dövrdə Emrelini davamlı olaraq əsas heyətdə oynadırdı.

Təbii ki, onun start heyətində yer alması ilk növbədə Qurban Qurbanovun istəyi və futbolçunun istedadı ilə bağlı idi. Amma limit də burada müəyyən rol oynayırdı. Çünki Azərbaycanlı futbolçulara ehtiyac var idi. Start heyətində müəyyən sayda yerli oyunçu olmalı idi və həmin futbolçulardan biri də Mahir Emreli idi.

Qurban Qurbanov bu qərarına görə az tənqid olunmayıb. Onun ünvanına çoxsaylı iradlar səslənib. Yaxşı xatırlayıram, hətta “Qarabağ” Mahir Emreli ilə Çempionlar Liqasına gedəndə sosial şəbəkələrdə lağlağı ilə dolu statuslar, rəylər görürdük:

“Mahir Emreli ilə Çempionlar Liqasına?”

Amma elə həmin mövsüm Emreli Bakıda “Kopenhagen”ə qarşı keçirilən oyunda “Qarabağ”ın yeganə qolunu vurdu. Həmin qol “Qarabağ”ın tarixində ilk dəfə Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanmasına böyük töhfə verdi.

Bu, həmin Mahir Emrelidir.

Bir vaxtlar tənqid etdiyimiz, bəzən hətta təhqir etdiyimiz Mahir Emreli.

İndi isə onun hər qolunu böyük fəxrlə paylaşır, sevinir, bayram edirik.

Futbol belədir. Bəzən bu gün lağa qoyduğun futbolçu sabah sənin fəxr etdiyin futbolçuya çevrilir.

Əsas məsələ isə istedadı vaxtında görmək, futbolçuya inanmaq və ona oynamaq imkanı verməkdir.

Tənqidlərə, bəzən təhqirlərə rəğmən.

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov kimi...

XANOĞLAN/ SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
7 Sentyabr 23:40 Bu da o qollar - VİDEO