Kapoeyra üzrə Azərbaycan millisinin üzvü Nurlanə Əhmədova bir neçə gün öncə faciəvi şəkildə vəfat edib.
Sportinfo.az xəbər verir ki, mətbuatda yayılmış məlumata görə, idmançı məşq zamanı zalda yıxılıb və aldığı zədədən ölüb.
Bəzi şəxslər isə idmançının intihar etdiyini iddia edir. Kapoeyra üzrə komandanın baş məşqçisi Elgiz Əlizadə bildirib ki, bəzi mətbuat nümayəndələri məsələni dəqiqləşdirmədən səhv məlumat yayır.
“Nurlanə Əhmədova bizim sevimli tələbəmiz idi, çox istedadlı gənc idi. Onu itirməyimizə çox təəssüflənirik. Amma hadisənin necə və hansı səbəbdən baş verdiyini bilmirik”, – deyə Əlizadə vurğulayıb.
“Mətbuatda yazılır ki, hadisə məşq zamanı baş verib. Hətta Nurlanənin şəxsi məşqçisi Oxçu Şahmuradov ilə danışan zaman mənə dedi ki, idmançı iki ay idi ayağını sındırdığı üçün məşqlərə qatılmırdı.
Hadisədən 1 gün öncə ayağının sarğısı açılıb. Həm də zalda elə bir yer yoxdu ki, idmançı ordan yıxılsın və dünyasını dəyişsin.
Hadisə gecə 03:00 radələrində baş verib, o saatlarda məşq olmur axı”, – o, əlavə edib.
Baş məşqçinin sözlərinə görə, hadisə Əhmədovanın yaşadığı evdə baş verib: “Yaxınları deyiblər ki, o, hündürlükdən yıxılaraq dünyasını dəyişib.
Bizdə isə bu barədə heç bir məlumat yoxdu. Odu ki, ölüm səbəbi haqqında dəqiq heç nə deyə bilmərəm”.
“Storm Capoeira Klubu”nun ən güclü idmançılarından olan Nurlanə Əhmədova 2019-cu ilin yanvar ayında “İlin ən texnikalı tələbəsi” seçilib.
2018-ci ilin fevral ayında isə 16+ yaş qrupu üzrə “12-ci Respublika çempionatı”nın qalibi olub.

