Cəlilabadda bıçaqlanma hadisəsi baş verib.
Sportinfo.az xəbər verir ki, insident axşam saatlarında rayonun Alar kəndində qeydə alınıb.
Belə ki, kənd sakinləri - 1965-ci il təvəllüdlü Üzeyir Qaraxan oğlu Qarayev və onun oğlu, 1998-ci il təvəllüdlü Murad Üzeyir oğlu Qarayev öz həmkəndliləri tərəfindən bıçaqlanıb.
Hadisəyə kənd ərazisində futbol oynayan zaman tərəflər arasında yaranan mübahisə səbəb olub. Belə ki, Murad Qarayevlə mübahisə edən 3 nəfər onu döyməyə başlayıb.
Elə bu zaman yaxınlıqdan keçən Üzeyir Qarayev oğlunun 3 nəfər tərəfindən döyüldüyünü görüb.
Həmin şəxslər üzərində gəzdirdikləri bıçaqla ata və oğulun qarın nahiyəsinə bir neçə zərbə endirib, daha sonra ərazidən uzaqlaşıblar.
Yaralıların köməyinə isə kənd sakinləri gəlib və onlar ağır xəsarətlərlə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Reanimasiyada olan yaralıların əməliyyat olunduğu bildirilir. Faktla bağlı Cəlilabad rayon Polis Şöbəsində araşdırma aparılır.

