O, Azərbaycana ehtiyat bayraq axtarmağa və saymağa gətirilib?

11 Fevral 2019 11:48 Qalmaqal 546
O, Azərbaycana ehtiyat bayraq axtarmağa və saymağa gətirilib?

Qış fasiləsindən sonrakı ilk turdan hiss olunur ki, hakimlər oyunlara tam hazır deyil.

Oyun praktikalarının olmaması açıq görünür.

Əvvəlki Hakimlər Komitəsindən fərqli, yeni sədrin sistemi, hakimliyə baxışı fərqlidi. Avstriyalı baş hakimlərdən meydanda düşünməyi tələb edir.

Ona görə, Mingəçevirdə fiziki hazırlıqla yanaşı, üstünlüyü nəzəriyyəyə və təhlillərə verdi. Hiss olunur ki, hakimlər qarşısında sərt tələblər qoyulub, çəkinmədən sarı, qırmızı kartlardan istifadə olunması, meydanda güzəştsiz idarəçilik.

Uzun illərdi passiv durumda olan hakimlər buna hazır deyillər. Epizodları incələyə, ayırd edə bilmirlər. Yeri gəldi-gəlmədi, vərəqələr göstərilir.

Eyni zamanda, təşkilatçılıq, oyunlara hazırlıqla bağlı da nöqsanlar qabarıq görsənir. Sumqayıtda qapı torlarının keyfiyyətsiz olması,

Bayılda qırmızı kart alan Elvin Yunuszadənin meydana qayıtmaq istəyi. Nümayəndələrin, inspektorların da vəzifələrinin öhdəsindən gələ bilmədikləri göz qabağındadı.

Səhlənkarlıq, qarşılaşmalara ciddi yanaşmamaq sonda ekran qarşısında futbol adına biabırçılıqlarla yadda qalır, çempionatı həvəskar səviyyəsinə endirir.

"Sabah" - "Qəbələ" görüşündə Marko Deviçin simulyasiyalarına qarşı gənc baş hakim Səbuhi Bayramovun qətiyyəti təqdirəlayiq idi.

Ötən turda «Zirə»yə qarşı hakimi dolaşdıraraq rəqibə – Vüqar Mustafayevə qırmızı vərəqə verdirən təcrübəli futbolçunun iştahı böyümüşdü.

Bu dəfə də hiyləyə əl atmaq istədi, alınmadı. Baş hakimin «qırmızı»sı doğru qərar idi. Gənc referi qətiyyətini göstərsə də, hələ ki, təcrübəsizdi.

"Sabah"ın futbolçularına ardıcıl sarı vərəqələr göstərdiyi halda, Cavid İmamverdiyevə qarşı arxadan rəqibin açıq-aşkar kobudluğuna mütləq kartla reaksiya göstərməli idi.

Bir komandanı cəzalandırıb, digərinə güzəşt etmək yolverilməzdi. Bu addım hansısa komandaya simpatiya, kömək deyildi, hakim təcrübəsizliyindən irəli gəlirdi və qarşıdakı oyunlarda belə hallara diqqət edilməlidi.

"Sumqayıt" - "Qarabağ" goyununda qapı torlarının keyfiyyıtsiz olması üzə çıxdı. Çoxları köməkçi hakimi qınayır.

Reallıqda isə səhlənkarlıq oyundan öncə edilmişdi. Dogər qapıda da oxşar halın təkrarlanması buna sübutdu.

Rəsmi nümayəndə, inspektor, hakimlər briqadası oyundan öncə meydanı yoxlanışdan keçirəndə artıq diqqətsizlik etmiş, vəzifələrini dəqiqliklə yerinə yetirməmişdilər.

"Sumqayıt" üçün də 1-2 manata qənaət edib, keyfiyyətsiz qapı torlarının alınması başucalığı gətirmir.

Yaxşı ki, topun qapıdan keçdiyini sonda hakimlər qeydə aldılar. Çempionluğa oynayan komandanın, minlərlə azarkeşin qarşısında bunun baş verməsi qəbulolunmazdı.

"Neftçi" - "Keşlə" matçında penalti epizodu mübahisə doğursa da, düzgün göstərildi. Azər Salahlı gərəksiz yerdə belə hərəkətə yol verməməliydi. Müdafiəçi ayağı Baqali Dabanın sifətinin az qala «aparmışdı».

İnqilab Məmmədov «Keşlə»nin qapısına sərbəst zərbə təyin etsəydi, bu, «Neftçi»nin haqqına girmək olardı.

"Səbail" - "Zirə" qarşılaşmasında kulminasiya nöqtəsi Elvin Yunuszadəyə göstərilən ikinci sarı vərəqə oldu.

Əliyar Ağayev kimi təcrübəli hakim bəsit qayda pozuntusuna belə sərt reaksiya verməməliydi. Ötən tur "Neftçi"li Anton Krivotsyuka göstərilən kart kimi, bu qərar da çox ağır oldu.

Hər hansı bir komandanın azlıqda qalması oyunun sonrakı gedişinə təsir edir. Məşqçi məcbur olub taktiki gedişlərə əl atır, yeri gəlsə dəyişiklik etmək məcburiyyətində qalır.

Hakimlər adi epizodlarda qırmızı vərəqələrə əl atıb oyunun axarını dəyişməməlidi. Qırmızı vərəqənin doğruluğu heç kimdə sual yaratmamalıdı.

Son dəqiqələrdə "Səbail"in vurduğu qolun qeydə alınmaması, narazılığın yaranması da baş hakimin meydana tam nəzarət etməməsinin nəticəsi idi.

Ofsayd qalsın bir kənara, ev sahiblərinin hücumçusu qoldan öncə rəqibi açıq-aşkar arxadan itələmişdi. Qapı meydanında Kamal Bayramova qarşı bu hərəkətə fol qeydə almaq olardı.

Qapıçı öz sahəsində toxunulmazdı. Baş hakimin bir qədər qətiyyətsizliyi, Elvin Yunuszadənin meydana qayıtmaq cəhdi onu göstərir ki, hakimlər briqadası oyunun ipini əldən buraxmışdılar.

Turlar keçdikcə çempionluq və Avroliqa zonasına düşmək uğrunda mübarizə daha da kəskinləşəcək. Turdan-tura nəinki hər xalın, hər vurulan topun önəmi artacaq.

Qarşıdakı həftələrdə hakimlər belə davam etsələr, səhvlər, etirazlar çoxala bilər. Artıq yeni formalaşmış Hakimlər Komitəsi bu barədə ciddi düşünməlidi.

Avstriyalı Stuxlik Azərbaycana yalnız ehtiyat bayraq axtarmağa və saymağa gətirilməyib.

Böyük problemlərin həllini gözlədiyi bir dönəmdə onun xırda-para çatışmazlıqların ucundan tutub ucuzluğa getməsi, klubların AFFA İntizam Komitəsindən ağır cərimələrə məruz qoyulması səhv addımdı.

Stuxlik ondan öncə hakimlər sahəsinə cavabdehlik daşıyanların səhvlərini düzəltməlidi, onların ölənlərinə rəhmət oxutdurmamalıdı.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti