Bakıda qayınatasını döyən beşqat çempion məhkəmə qarşısında

2 Fevral 2019 12:24 Qalmaqal 363
Bakıda qayınatasını döyən beşqat çempion məhkəmə qarşısında

Bakı Ağır Cinayətlər Məhkəməsində “Neftçi” İdman Klubu kikboksinq bölməsinin rəhbəri, “Xocalı” İdman Klubunun prezidenti, kikboksinq üzrə beşqat dünya çempionu, Avropa kəmərinin sahibi, prezident mükafatçısı Ehram Məcidovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Sportinfo.az xəbər verir ki, məhkəmə iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Anket məlumatlarında 1979 -cu il təvəllüdlü E.Məcidovun daha əvvəl məhkum olunmadığı qeyd edilib. Anket məlumatları dəqiqləşdiriləndən sonra zərərçəkmiş tərəf məhkəməyə mülki iddia təqdim edib.

E.Məcidovun müdafiəçisi məhkəməyə vəsatət təqdim edib. Vəkil bildirib ki, Ehram Məcidovla qayınatası arasında baş verən insidentə birbaşa şahidlik etmiş şəxslər məhkəmənin baxış iclasında dindirilməlidir.

Müdafiəçi qeyd edib ki, insident Binəqədi Rayon İcra Şöbəsində baş verib. Lakin insident baş verən zaman orada olan icra şöbəsinin əməkdaşı və mühafizə xidmətinin əməkdaşları əsas şahid olduqları halda dindirilməyiblər.

E.Məcidov ona qarşı irəli sürülən ittihamla razı olmadığını, işin ibtidai istintaqa qaytarılmasını istəyib.

Məhkəmə vəsatəti təmin etməyib. Məhkəmə baxışı fevralın 12-nə təyin edilib. Ehram Məcidov qayınatasını- 1953-cü il təvəllüdlü Bəhruz Dilbazini döyməkdə ittiham edilir.

Ona qarşı Cinayət Məcəlləsinin 126.2.3-cü (xüsusi amansızlıqla, zərərçəkmiş şəxsə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə) və 126.2.4-cü (qəsdən sağlamlığa ağır zərər vurma; ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti