İki gənci maşınla vurub öldürən sürücünün məhkəməsi başlayıb.
Sportinfo.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində iki nəfərin ölümünə səbəb olan sürücü Fəxrəddin Bəşirovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.
Hakim Novruz Kərimovun sədrliyi keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Ailəli, 2 uşaq sahibi Bəşirov daha əvvəl məhkumluq həyatı yaşamayıb. O, sürücü işlədiyini deyib. Məhkəmədə mərhumların yaxınları təqsirləndirilən şəxsə etiraz ediblər.
Onun ünvanına təhqirlər səsləndiriblər. Onlar təqsirləndirilən şəxsin hadisə yerindən qaçmasına etiraz ediblər.
Bildiriblər ki, onları vaxtında xəstəxanaya çatdırsaydı, həyatlarını xilas etmək olardı. "Ay insafsız, qanın içində qoyub qaçmısan. Sənin vicdanı yoxdu" - deyə zərərçəkmişlər bildirib.
Məhkəmənin baxış iclası fevralın 4-nə təyin edilib. Qəza hadisəsi ötən il oktyabrın 2-də saat 10:00 radələrində Sumqayıtda baş verib.
Şəhər sakini Bəşirov Fəxrəddin Asif oğlu idarə etdiyi “İsuzu” markalı 90-XU-233 dövlət qeydiyyat nişanlı yük avtomobili ilə yolu keçmək istəyən 2004-cü il təvəllüdlü Qasımov Ayxan Xəyyam oğlu və Bayramov Rasim Vüqar oğlunu vurub, nəticədə onlar aldıqları xəsarətlərdən hadisə yerində vəfat ediblər.
Fakta görə Binəqədi rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Onun hadisə yerindən qaçdığı müəyyən edilib. F.Bəşirov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Qəza nəticəsində dünyasını dəyişənlərdən biri - A.Qasımov "Sumqayıt"ın U-15 komandasında çıxış edirdi.

