Hazırda azərbaycanlı futbolçulardan kiminsə legioner həyatı yaşaması xəyala yaxın bir hadisədi.
Ancaq vaxtilə legioner həyatı yaşamış və həmin ölkələrdə müəyyən uğurlar qazanmış futbolçularımız da olub.
Onlardan biri də Elhad Nəziridi. Tez-tez adı qalmaqallı hadisələrdə hallansa da, Nəziri Moldova və Rumıniyada legioner həyatı yaşayıb.
O, hətta “Petrolul” (Ploeşti) klubunun heyətində ölkə kubokuna yiyələnib. Azərbaycan yığmasına da cəlb olunan futbolçu erkən yaşda karyerasını başa vurmalı olub.
Sportinfo.az xəbər verir ki, komanda.az-a müsahibə verən Nəziri Rumıniyadan qayıtmasının ən böyük səhv olduğunu, Aygün Kazımovanın onu indi yadına salmaması haqda danışıb:
Futbolçu karyeranı başa vurduğun deyilir. Karyeranı erkən yaşda başa vurmağına səbəb nə idi? Demək olar ki, Azərbaycan futbolunda özünə yer tapa bilmədin?
- Karyeramı erkən yaşda başa vurmağımın səbəbi genişdir. Milli komandada olarkən mənə verilən mükafatın 15 min manatını geri istədilər. Mən də bir-iki futbolçu ilə məsləhətləşdim və pulu vermədim. Ondan sonra 1-2 kluba deyildi bu barədə. Gördüm ki, mümkün deyil heç nə, mən də futbolla vidalaşdım. Artıq Azərbaycan futbolundan iyrənmişəm.
Mükafatı geri qaytarmağını kimlər istədi ki?
- İsraillə oyundan sonra Bakıya qayıtdıq. Bir neçə gün keçdi və mükafatları verdilər. Hamı kimi mən də gedib pulumu aldım. Üstündən 3-4 saat keçdi, zəng edib məndən mükafatın 15 min manatanı geri istədilər. Mən də qaytarmadım. Çünki oradakılar kimi həmin pul mənim də haqqım idi. Orda məndən artıq adam yox idi.
25 yaşın var və bu yaşda karyeranı başa vurdun. Yəqin ki, mübarizəni erkən dayandırdığını özün də etiraf edərsən...
- Mən də istəməzdim ki, bu yaşda futbolu atım. Demək ki, qismət belə imiş. Birinci liqada klubların verdiyi pulla nə etmək olar? Birinci liqada oynayan uşaqlar bilmir futbol oynasın, yoxsa satılan oyunlarda adının hallanmaması üçün necə oynasın. Qorxa-qorxa oynayırlar ki, indi səhv etsəm, deyəcəklər oyun satıb. Halbuki oyun epizodunda hər bir futbolçu səhv edə bilər. Azərbaycan futbolu ömür-billah belə olacaq. Kimin “adam”ı, kimin “ətraf”ı var, onlar da oynayır, işləyir.
Milli komandamızda da oynamaq imkanı tapmışdın. Necə düşünürsən, sənin oynadığın milli güclü idi, yoxsa indiki?
- Azərbaycan millisi elə həmin millidir. Ora kimi çağırsalar, milli bu vəziyyətdə oynayacaq.
Milli komandamız Kosovo ilə görüşdə məğlub oldu, bu cür qrupdan çıxa bilmədi. Daha sonra isə Qurban Qurbanova “torba tikilməsi” məsələsi ortaya çıxdı. Bu məsələlər haqda ümumi fikrin necədir?
- Kosovonu keçə bilərdi futbolçularımız. Ancaq keçə bilmədilər. Bu da futboldur. Bəlkə də, futbolçulara mükafatların verilməməsi onları həvəsdən salmışdı. Qurban Qurbanov yox e, lap Fabio Kapello da gəlsə, bizim milli bu vəziyyətdə olacaq. Mən milli komandada olmuşam və nələr yaşanıb, hər şeyi gözəl bilirəm. O millidə çox şeylər olub, bunlar hələ elə-belə şeylərdir. Milli hamı üçündür, oranın sahibi olmamalıdır. Ancaq bizdə obyekt kimi, milli komandanı alıblar, nə istəyirlər, edirlər. Bizim milliyə kim gəlirsə gəlsin, xeyri yoxdur. Biz hələ bundan da pis günlərə qalacağıq.
Kamran Ağayevin bilərəkdən oyuna getmədiyi, Pavel Paşayev və Dmitri Nazarovun isə bilərəkdən zəif oynadıqları deyilir. Belə bir şey real ola bilər?
- İnanmıram ki, bilərəkdən etsinlər. Ediblərsə də, yaxşı ediblər. Bəs milliləşdirilmiş futbolçuya bel bağlayanda belə olar da. Kamran Ağayev isə uşaq deyil. Bilirdi ki, Kosovodakı oyunda qapıda kim olsa, onsuz da yenə uduzacağıq. Onun ayağında ağrısı olub, çıxmayıb oyuna.
“Petrolul”da birlikdə çıxış etdiyin, Rumıniya kubokunu birlikdə başın üzərinə qaldırdığın Soni Mustivar hazırda “Neftçi” üçün çalışır. Heç Bakıda onunla görüşmüsən?
- Mustivar həm yaxşı futbolçudur, həm də yaxşı insandır. Məşqlərdə də hər zaman öz üzərində çalışırdı. Komandanın üçüncü kapitanı idi. “Neftçi”nin ən güclü transferi elə Mustivardır. Ancaq o, hələ öz oyununu tapmayıb. Onun nələrə qadir olduğunu mən bilirəm. İşlərim çoxdur deyə, hələ ki, onunla görüşməmişik Bakıda. Ancaq fikrim var ki, görüşəm.
Maraqlıdı ki, Moldova və Rumıniyanın iddialı klublarında oynasan da, Azərbaycanda iddialı klublarda oynamaq sənə qismət olmadı. Bizim iddialı klublar sənə niyə ehtiyac duymurdu?
- Mən həmin klublara öz gücümə gedib düşmüşdüm. Yoxlanışlardan keçib düşmüşdüm həmin klublara. Çünki orda məni tanımırdılar. “Petrolul”da çempion olduqdan sonra qayıtdım bura. Azərbaycan futbolunda isə həmişəki kimi, ayrıseçkilik, “öz adamları” məsələləri ortaya girdi. Mən hər zaman sözün düzünü deyən adam olmuşam. “Neftçi”də olanda bunu İqor Getmana, Arif Əsədova demişəm. O vaxt günahsız uşağı komandadan çıxardırdılar. Mən də dilləndim, gedib Sadıq Sadıqova dedilər ki, Elhad bizim işimizə qarışır, məni komandadan çıxardılar. 2008-ci ildə “Qarabağ”da olanda da həmçinin belə bir məsələ oldu. Toplanışa yollanmağa bir gün qalmış, pasportumu qaytardılar və başqa futbolçunu apardılar toplanışa. Çox şeylər var, sadəcə, mən danışmıram. Bir sözlə, kimsə sənin arxanda olmasa, Azərbaycan futbolunda heç nə edə bilməzsən.
Bir sözlə, “Petrolul”dan Azərbaycana qayıdışını tək karyeranın deyil, həyatının ən səhv qərarı olduğunu düşünürsən?
- Bəli, Azərbaycana qayıtmağım həyatımın ən böyük səhvi oldu. “Petrolul”dan Azərbaycana qayıtmaqla futbol həyatım alt-üst oldu.
Adın tez-tez qalmaqallarda hallanırdı. Qalmaqal deyəndə, daha çox şou-biznes üzvləri ilə şəkillərin yayılırdı və futbola çox fikir vermədiyin deyilirdi. Aygün Kazımova ilə də tez-tez şəkillərin yayılırdı. Maraqlıdır, onunla indi də münasibətin var, yoxsa necə?
- Bu şeyləri bütün futbolçular edir. Sadəcə, mən hamıya inanıb özüm kimi bilib, hər şeyimi bölüşürdüm, onlar da sağ olsunlar, “ürəkləri açıqdır” deyə, hər yerdə danışıb mənə ziyan oldular. Qaldı ki şou-biznesə, Aygün Kazımovaya, bunlar hamısı hamının yaşayacağı şeylər idi. Əsas odur ki, hər şey yaxşıdır. Pul azalandan sonra nəinki Aygün Kazımovanı, heç öz dostlarımı tapa bilmədim yanımda, qalmışdı Aygün.
Son olaraq, elə son günlər gündəmdə olan bir məsələ haqda fikirlərini bilmək istəyərdim. Hazırda Elxan Məmmədov və Qurban Qurbanov arasında “müharibə” getdiyini ölkədə bəlkə də hamı düşünür. Səncə, bundan hansı “cəbhə” qalib ayrılar?
- Mən iki insanla da işləmişəm, biri baş katibim olub, digəri baş məşqçim. Mən bu haqda heç nə deyə bilmərəm. Çünki artıq futboldan uzağam. Hər iki insana da həyatında, karyerasında uğurlar arzu edirəm.

