
Milli komandamızın Kosovo ilə oyunundan öncə hər iki tərəfin milli assosiasiyalarının nümayəndələri rəsmi ziyafətdə bir araya gəlib.
Ev sahiblərindən baş nazirin köməkçisi Bəkir Burri də iştirak edib.
Sportinfo.az xəbər verir ki, Burri qonaqlara Kosovo futbolunun inkişafı və əldə etdiyi nailiyyətlər, gələcək inkişaf strategiyası və s. barədə danışıb.
Hər iki federasiya qarşılıqlı marağın bütün sahələrində əməkdaşlığı genişləndirməyə, insan təcrübələrinin və resurslarının mübadiləsinə razılaşıb. Sonda hədiyyələr dəyişdirilib.
Bir neçə gün öncə tərəflər arasında hətta əməkdaşlıq haqqında müqavilə bağlanması haqda da xəbər yayıldı. Lakin tez bir zamanda bu informasiya saytlardan yığışdırıldı.
Görünür, xəbəri sosial şəbəkədəki səhifəsində paylaşan AFFA-ya kimsə başa saldı ki, tanınmayan ölkəylə hər hansı müqavilə, memorandum ciddi problemlərə səbəb olacaq.
Futbol meydanlarında Kosovo ilə qarşılaşmağa məcburuq və bu, FIFA, UEFA tərəfindən məcburi sayılan haldı. Lakin hansısa anlaşma dövlət maraqlarına ziddi.
AFFA bu yanlışı tezliklə yoluna qoysa da, Rauf Əliyevi gizlədə bilmədi. Qurumun I vitse-prezidentinin belə bir ziyafətə qatılması yolverilməzdi.
Milli məclisin üzvü olan bu şəxs həm də dövlətin rəsmi nümayəndəsidi, onun tanımadığımız ölkənin baş nazirinin müavini ilə bir araya gəlməsi siyasi səhvdi.
Ümumiyyətlə, deputatın bu ölkəyə getməsi sonradan bizə problem yarada bilər. Rauf Əliyev ölkə çempionatının oyunlarında, stadionlarda rastımıza çıxmır.
Yalnız tədbirdən-tədbirə, görüşdən-görüşə görünür. Bir də millilərin xarici səfərləri zamanı. Belə bir təəssürat yaranıb dəyərli millət vəkili ezamiyyət pulu almaq üçün heç bir səfərdən qalmır.