Premyer Liqanın IX turunun "Sumqayıt" - "Qəbələ" matçı zəif hakim idarəçiliyi ilə yadda qalıb.
Əvvəlcə onu bildirək ki, Orxan Məmmədov lüzumsuz fit səsləndirməklə, oyunun tempini aşağı salırdı.
Digər tərəfdən bəzi epizodlara yaxın olsa belə, düzgün qiymətləndirmirdi. Belə ki, oyunun baş hakimi Orxan Məmmədov matçın "ipini" əlindən verib.
İlk hissədə kiçik səhvləri olan Məmmədov qarşılaşmanın 34-cü dəqiqəsində "Qəbələ"nin müdafiəçisi Rasim Ramaldanov "Sumqayıt"ın futbolçusu Atilla Yıldırımın qarşısını kobudluqla alsa da, baş hakim epizoda yaxın olmağına baxmayaraq, davam işarəsi verdi.
Oyunun sonlarına doğru isə aləm qarışdı. Belə ki, qonaqların cərimə meydanında top uğrunda mübarizə iki komandanın futbolçularının bir-biri ilə əlbəyaxa olmasına gətirib çıxardı. Nəticədə Bəhlul Mustafazadə oyunun 89-cu dəqiqəsində rəqib futbolçunu vurub.
Orxan Məmmədov bu hərəkətinə görə gənc futbolçuya haqlı qırmızı vərəqə göstərib. Aləmi qarışdıran Voislav Stankoviçin cəzasız qalması da maraqlı oldu.
"Qəbələ"nin qapıçısı Aqil Məmmədovla "Sumqayıt"ın müdafiəçisi Qvanzav Maqomedov sarı vərəqə ilə cəzalanıb. "Qəbələ"də ikinci qırımızı vərəqəni isə ehtiyat hakimin xəbərdarlığından sonra Rauf Əliyev alıb. İkinci sarı vərəqə ilə cəzalanan Rauf texniki zonadan qovulub.
"Sumqayıt"ın baş məşqçisi Nazim Süleymanov da Orxan Məmmədovun idarəçiliyindən narazılığını gizlətməyib:"Futbolçularımın əziyyəti bir fitlə yerə vurulur, buna yanıram".
Görünən odu ki, keçmiş FİFA referisi bu matçın yükünü daşıya bilmədi. Oyun başa çatan kimi "Qəbələ" rəsmiləri hakimin qərarına etiraz edib və bunu protokolda qeyd edib.
Bundan sonra hakimlər briqadası qərarlarını dəyişiblər. Hakimlər protokolda Bəhlul Mustafazadəyə qırmızı vərəqənin səhvən verildiyini qeyd ediblər. Qırmızı vərəqə isə "qırmızı-qaralar"ın serbiyalı müdafiəçisi Voislav Stankoviçin adına yazılıb.

