Bakı Ağır Cinayətlər Məhkəməsində odlu silahla qətl törətməkdə ittiham olunan Xaçmaz rayon sakini, 45 yaşlı Ehtiram Hidayətovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Sportinfo.az xəbər verir ki, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə görə, E.Hidayətov 11 il müddətinə azadlıqdan məhrum edilib. İttihama görə, qətl hadisəsi bu il fevralın 4-dən 5-nə keçən gecə Xaçmaz rayonunun Çarxı kəndində baş verib.
Kənd sakini E.Hidayətov ov tüfəngindən həmyaşıdı və dostu Əfqan Cəfərova atəş açıb. Yaralı hadisə yerində keçinib. E.Hidayətov polisə gedərək törətdiyi cinayəti etiraf edib.
E.Hidayətov və Ə.Cəfərov məktəb vaxtlarından dost olublar, qonşuluqda yaşayıblar. Uşaqlıq dostları arasında münaqişə isə pul üstündə baş verib. “Azərbaycan Dəmir Yolları” QSC-də işləyən E.Hidayətov dostuna 700 manat borc verib,
Ə.Cəfərov isə borcunu qaytarmayıb. E.Hidayətov dostugilə gedərək ona verdiyi pulu geri istəyib, uşağının xəstə olduğunu deyib. Ə.Cəfərov isə nəinki borcunu qaytarmayıb, üstəlik uşaqlıq dostunu təhqir edib.
Bundan qəzəblənən E.Hidayətov tüfəng dalınca evə gedib. Bir qədər sonra silahla geri qayıdaraq dostunu güllələyib. Təqsirləndirilən E.Hidayətov ona elan olunmuş ittihamla özünü tam təqsirli bilib.
İfadəsində qızının ağır xəstə olduğunu, müalicəsinə pul lazım olduğundan dostundan borcunu geri istədiyini deyib:
“Pulumu istədim, əvvəl verəcəyini dedi. Sonra zəng edib, ailəmi, xəstə qızımı söydü, stadionun yanına çağırdı. Evdən ov tüfəngini götürüb getdim. Mübahisə zamanı güllə ilə vurdum, sonra da polisə təslim oldum".
E.Hidayətovun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

