Bakıda stadionun ərazisini almaq istədilər, 800 min manat ziyana düşdülər – MƏHKƏMƏ İŞİ

23 Noyabr 2023 20:20 Qalmaqal 1 327
Bakıda stadionun ərazisini almaq istədilər, 800 min manat ziyana düşdülər – MƏHKƏMƏ İŞİ

Yasamal rayonu ərazisində yerləşən “Məhsul” stadionunu satmaq adı ilə sahibkarları aldatmaqda ittiham olunan Azərbaycan Həmkarlar İttifaqlarının İdman Təşkilatları Assosiasiyasının sədri Nadir Əliyev və “Yasamal” idman-sağlamlıq klubunun direktoru Alik Həsənovun cinayət işi üzrə məhkəmə araşdırması davam edir.

Sportinfo.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda zərərçəkmiş Yusif Vəlixanov ifadə verib.

Sahibkar Y.Vəlixanov deyib ki, stadionun ərazisini 5.5 milyon manata razılaşdırıbmışlar. Həmin məbləğin 2.5 milyonunu nağd şəkildə ödəməli, digər hissəsini isə ərazidə tikiləcək binalardan pay verilməli idi (mənzil, qeyri-yaşayış sahəsi və s) : “Həmkarım Rauf İsmayılovla birgə Alik Həsənovla danışığımız oldu. A.Həsənovun əlində Həmkarlar İttifaqının məktubu var idi ki, stadionun ərazisinin satılmasına etiraz yoxdur. Stadionun özəlləşməsi prosesinin getməsi ilə bağlı sənədləri də var idi. Aliklə danışığımız bir neçə ay uzandı. Sonradan Əmlak Komitəsindən öyrədik ki, stadionun ərazisi özəlləşdirilə bilməz. Bundan sonra yenidən Aliklə danışdıq. Dedi ki, sizi müdirin yanına aparım onunla da danışın. Ortağım Rauf İsmayılov Həmkarlar İttifaqlarının İdman Təşkilatları Assosiasiyasının sədri Nadir Əliyevlə görüşdü. Nadir deyib ki, sənədlər Səttar Mehbalıyevin (Azərbaycan Həmkarlar İttifaqlarının sədri) seyfindədir, stadionun ərazisinin altı özəlləşdirilib, üstü qalıb. Nadir ciddi adam olduğuna onun sözünə güvəndik. Bizi əmin etdilər ki, problem olmayacaq.

Zərərçəkmişin sözlərinə görə, məsələnin həlli real görünmədiyini üçün prokurorluğa müraciət ediblər: “Nadir Əliyevlə son danışığımızın üstündən bir müddət keçdikdən sonra prokurorluğa müraciət etdik.

Çünki əvvəl danışığımız var idi ki, ilkin olaraq 2.5 milyon manat verəcəyik. Həmin pulun 900 min manatını artıq ödəmişdik.

Prokurorluğa şikayət etdikdən sonra 100 min manat qaytardılar, 800 min manat isə hələ də qaytarılmayıb. 400 min mənə, 400 min də ortağım Rauf İsmayılova zərər dəyib”.

İş üzrə digər zərərçəkmişlərin dindirilməsi üçün prosesin təxirə salınması təklif olunub. Bu vaxt zərərçəkmişlərin nümayəndəsi, vəkil Aslan İsmayılov etiraz edib. Vəkil deyib ki, bu iş üzrə məhkəmə prosesi uzun müddətdir davam edir, hələ də təqsirləndirilənlər dindirilməyib: “Bu proses süni şəkildə uzadılır. Bu işə başçılıq edənlərin aktiv fəaliyyəti göz qabağındadır. Prosesə müdaxilə edirlər. Xahiş edirəm, təqsirləndirilən şəxslər dindirilsin”.

Məhkəmə vəkilin etirazını qəbul etməyib. Digər zərərçəkmişlərin dindirilməsi üçün iclas dekabrın 4-nə kimi təxirə salınıb.

Təqsirləndirilən şəxslər Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həbs ediliblər. Nadir Əliyev və Alik Həsənova qarşı Cinayət Məcəlləsinin 178.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq) və 32.4, 312.1 (rüşvət verməyə təhrik etmə) və 32.4, 312.2-ci (rüşvət verməyə təkrarən təhrik etmə) maddələri ilə ittiham irəli sürülüb.

Digər Xəbərlər
Xəbər Lenti
24 Fevral 21:40 Arda “Real”da qalacaq
24 Fevral 20:30 Laçından GÖZƏL VİDEO
24 Fevral 19:30 Çək və bizə göndər!
24 Fevral 16:40 Nəhayət, o, getdi…