AFFA-nın "Neftçi"nin direktoru postuna 2 namizədi bilindi

8 Aprel 2020 14:08 Neftçi 1 763
AFFA-nın "Neftçi"nin direktoru postuna 2 namizədi bilindi

«Neftçi»nin idman direktoru Ceyhun Sultanovun sosial şəbəkədə Mübariz Mənsimova və onun yaradıcısı olduğu «Xəzər Lənkəran»a aid paylaşım etməsi iş yerini itirməsinə gətirib çıxara bilər.

Düzdür, o, sonradan şəxsi profilini bağladı, lakin bu, SOCAR və AFFA-nın bəzi mənsublarının klub rəsmisinə hiddətini soyutmayıb.

Onların fikrincə, Sultanov vaxtilə formasını geyindiyi komandanın sahibini yad eləməklə, bağışlanmaz səhvə yol verib və mütləq cəzalanmalıdır.

Artıq «Neftçi»nin idman direktoru vəzifəsinə namizədlərin siyahısı hazırlanmaqdadır. Hələlik Ceyhun bəyi əvəzləyə biləcək 2 şəxsin kimliyi məlumdur.

Onlardan biri yaxınlarda milli komandanın meneceri vəzifəsindən gedən Zaur Hacı-Məhərrəmov, digəri isə «Sumqayıt»ın mətbuat xidmətinin rəhbəri, eyni zamanda, klubun futbol akademiyasının direktor müavini Rəşad Məmmədovdur.

Adlarını çəkdiyimiz fiqurlar da «Neftçi»nin prezidenti Kamran Quliyevə yaxın biriləridir. Hər halda hörmətli Kamran bəy Hacı-Məhərrəmovla AFFA-dan tanışdırsa, Məmmədovla 7 ilə yaxın müddətdə «Sumqayıt»da çiyin-çiyinə çalışıb.

Yığmanın keçmiş əməkdaşı klub işində kifayət qədər təcrübəsizdirsə, 10 ildir «Sumqayıt»da olan Rəşad bəy çoxdan «bişib». O, «kimyaçılar»ın ən stajlı nümayəndəsidir. «Gənclik şəhəri» təmsilçisini demək olar təkbaşına idarə edir.

Klubun prezidenti Riad Rəfiyev ondan xəbərsiz və məsləhətsiz bir iş görmür. Bütün məsələləri əvvəlcə onunla müzakirə edir və yekun qərar verir. Təsadüfi deyil ki, Məmmədov əsas komandayla yanaşı, akademiyanın fəaliyyət sahəsində də əsas personadır.

Kamran Quliyev 2017-ci ilin əvvəlində «Sumqayıt»ı «Neftçi»yə dəyişəndə, hamı gözləyirdi ki, Ceyhun Sultanovla yanaşı, Rəşad Məmmədovu da özüylə aparacaq. Lakin bu yerdəyişmə qeyri-müəyyən səbəblərdən gerçəkləşmədi. İndi isə ağ-qara qapılar Məmmədovun üzünə yavaş-yavaş açılmaqdadır.

İstənilən halda deməliyik ki, Ceyhun Sultanovun Mübariz Mənsimov aid paylaşımın üstündə «Neftçi»dən uzaqlaşdırılması ictimaiyyət tərəfindən qətiyyən birmənalı qarşılanmayacaq. Bu onun fikir özgürlüyünün əlindən alınması kimi xatırlanacaq və paytaxt klubunun imicinə mənfi zərbə vuracaq.

Sultanov Mənsimovun yer aldığı fotonu paylaşmaqla nə demək istəyibsə, «Xəzər Lənkəran» camiəsi o mesajı alıb. Buna görə ona təşəkkür də ediblər. Və məsələ artıq qapanıb.

«Xəzər Lənkəran» nə vaxt fəaliyyətini bərpa etsə, Ceyhun bəy bu klubdan yüksək vəzifə təklifi alacaq və ona «Neftçi»də olandan daha böyük səlahiyyətlər veriləcək.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 18:10 Çək və bizə göndər!
22 Aprel 03:00 Nicat heç-heçə etdi