“Orada işləməyimizə görə bizə əlavə maaş verilmirdi”

19:00 Müsahibə 84
“Orada işləməyimizə görə bizə əlavə maaş verilmirdi”

Azərbaycan milli komandalarının, xüsusilə də müxtəlif yaş qruplarından ibarət yığmalarımızın hazırkı durumu göz önündədir.

İllərdir sıralanan böyükhesablı məğlubiyyətlər, beynəlxalq arenada arzuolunmaz nəticələr və bacarıqlı futbolçu yetişdirmək bağlı yaşanan çətinliklər hələ də davam edir.

Təbii ki, ölkə futbolunun bugünkü acınacaqlı vəziyyətinin əsas səbəblərindən biri uşaq futbolunun lazımi səviyyədə inkişaf etməməsidir. Halbuki Azərbaycanda istedadlı uşaqlar və yeniyetmələr az deyil.

Problem ondadır ki, onlar müəyyən yaş həddinə çatdıqdan sonra müxtəlif çətinliklərlə üzləşir, yüksək səviyyəyə yüksəlmək və peşəkar futbolçu kimi formalaşmaq imkanları məhdudlaşır.

Məhz bu məsələlər ətrafında bölgə futbolunun içində olan, uzun illər I Liqada mübarizə aparan “Zaqatala” klubunun sabiq baş məşqçisi, hazırda regionda fəaliyyət göstərən “Alfa Zaqatala” futbol məktəbinin təsisçisi və baş məşqçisi Rüstəm Məmmədovla söhbətləşdik.

– İşləriniz necə gedir, hazırda nə ilə məşğulsunuz?

– Şükür, hər şey yaxşıdır. Hələ ki, öz komandamla fəaliyyətimi davam etdirirəm. Məşqlər keçirik, çempionatda iştirak edirik. Hazırda əsasən öz kiçik yaş qruplarımla işləyirəm.

– Öz komandam deyəndə, yəni özünüz yaratmısınız? Komandanın adı nədir və nə vaxt fəaliyyətə başlayıb?

– 2024-cü ildə, Zaqatalada baş məşqçi işlədiyim vaxt belə bir qərara gəldim. Həmin dövrdə aşağı yaş qruplarında ciddi boşluqlar olduğunu görürdüm. Uşaqların potensialı var idi, amma onların yetişməsi, inkişafı və dəstəklənməsi istiqamətində görülən işlər məni qane etmirdi. Fikirləşdim ki, bu sahədə nəsə etmək lazımdır. Çünki görünürdü ki, heç kimin bu yaş qruplarını inkişaf etdirmək, onları daha yüksək səviyyəyə çatdırmaq üçün ciddi təşəbbüsü yoxdur.

- Beləliklə, öz hesabıma, uşaqlara dəstək olmaq məqsədilə “Alfa Zaqatala” futbol klubunu yaratdım. Ürəyinizcədir?

- İlk vaxtlar bir yaş qrupu ilə başlamağı planlaşdırırdım. Həmin dönəmdə “Zaqatala”da baş məşqçi idim. Həm böyük futbolçularla, həm də azyaşlı uşaqlarla məşğul olmaq kifayət qədər çətin idi. Bəzən böyük komandada yaşadığım problemlərdən yorulur, hətta futboldan uzaqlaşmaq barədə düşünürdüm. Amma balaca uşaqlarla məşqlər mənə yenidən motivasiya verirdi. Onların həvəsi, futbola olan sevgisi məni yenidən bu işə bağlayırdı. İlk vaxtlar 10-12, sonradan 15 uşaqla fəaliyyətə başladıq. İldən-ilə maraq və tələbat artdı, uşaqların sayı çoxaldı. Şükürlər olsun ki, hazırda klubumuzda 50-60-a yaxın uşaq məşq edir.

– Neçə yaş qrupu fəaliyyət göstərir?

– Beş yaş qrupumuz var - U-9, U-10, U-11, U-12 və U-13. Hər yaş kateqoriyası üzrə komandamız mövcuddur. Rayonumuzda təkcə “Alfa Zaqatala” deyil. Zaqatalada uşaqlarla işləyən “Tufan», “Bal xurma”, “Zaqatala Siti”, “Aslan” kimi komandalar da fəaliyyət göstərir. Onların da müxtəlif yaş qrupları və kifayət qədər yetirmələri var. Ümumilikdə, Zaqatalada uşaqlarda futbola maraq olduqca böyükdür.

– Yəqin ki, məşqlər ödənişlidir?

– “Zaqatala”da işlədiyim ilk illərdə məşqlər ödənişsiz idi. Stadionun icarəsinə və digər xərclərə görə pul ödəmirdim. Özüm də klubdan maaş aldığım üçün əlavə ödənişə o qədər də ehtiyac yox idi. Amma indi tək çatdıra bilmirəm deyə, bəli, ödənişlidir.

– Uşaq qrupları ilə işlədiyinizə görə klubdan əlavə maaş alırdınız?

– Xeyr, uşaq futbolu, aşağı yaş qrupları ilə işləməyimizə görə bizə əlavə maaş verilmirdi. Hətta bir dəfə belə bir məsələ gündəmə gəlmişdi. Təklif olunmuşdu ki, uşaq qrupları ilə işləyək, Zaqatala komandasının lisenziyalaşdırılması üçün həmin yaş qruplarını da sistemə daxil edək, bunun müqabilində bizə maddi dəstək göstərilsin. Ancaq açığı, həmin dəstəyi də görmədik. Hər dəfə müxtəlif problemlər ortaya çıxdı. Əsas büdcə əsas komandaya yönəldilirdi. Düzdür, biz əsas komandadan maaş aldığımız üçün əlavə gəlirə o qədər də ehtiyac duymurduq. Amma təbii ki, uşaq futboluna ayrıca dəstək göstərilsəydi, daha yaxşı olardı.

– Hazırda uşaqların məşqləri üçün aylıq ödəniş nə qədərdir?

– Adambaşına 20-25 manat civarındadır.

– Həftədə neçə dəfə məşq keçirilir?

– Həftədə dörd-beş dəfə məşq keçirəm. Hesab edirəm ki, uşaqların inkişafı üçün həftədə üç məşq kifayət deyil. Ona görə də çalışırıq ki, məşqlərin sayı daha çox olsun.

– Məşqlər harada keçirilir?

– Zaqatala Olimpiya Kompleksinin stadionunda. Toplanan vəsaitin bir hissəsi stadionun icarəsinə sərf olunur. Bundan əlavə, müəyyən xərclərimiz də var. Toplar, digər məşq inventarları və ləvazimatlar alırıq. Sağ olsunlar, valideynlər də futbola çox həvəslidirlər. Hər tərəfdən bizə dəstək olmağa, kömək göstərməyə çalışırlar. Amma əlavə sponsorluq yoxdur. Ümumiyyətlə, indiyə qədər uşaq futboluna hansısa qurumdan ciddi dəstək görməmişik. 2 ildir bu işlə məşğulam, amma bir nəfər də olsun futbol adamının, yaxud yerli imkanlı şəxsin gəlib bizə “Nə köməyə ehtiyacınız var, sizə necə dəstək ola bilərik?” dediyini xatırlamıram. Əsas dəstəyimiz valideynlərdən və yaxınlarımızdan gəlir. Demək olar ki, bütün xərclərin 90 faizi valideynlərin hesabına qarşılanır. “Alfa Zaqatala”nın uşaqları valideynlərin dəstəyi ilə müxtəlif turnirlərdə və toplanışlarda iştirak edirlər. Məsələn, yayda Qaxda və Qəbələdə turnirlərdə olduq. Bakıda iki dəfə təlim-məşq toplanışı keçirdik, hər dəfə üç-dörd yoldaşlıq oyunu oynadıq. Noyabrın 17-də Qəbələdə Dirçəliş Gününə həsr olunmuş böyük turnir keçiriləcək. Komandamız həmin yarışda da iştirak edəcək.

- Yalnız zona yarışlarında iştirak etməklə inkişaf etmək mümkündür?

- İndiyə qədər “Sabah”, “Qarabağ”, “Xan”, “Zirə” və digər klubların komandaları ilə də yoldaşlıq oyunları keçirmişik. Artıq Azərbaycanda bir çox klublar bizi tanıyır. Onlar da görürlər ki, Zaqatalada uşaqların inkişafı üçün ciddi iş görməyə çalışırıq. Uşaqların inkişafı üçün mütləq Zaqataladan kənara çıxmalı, daha güclü komandalarla qarşılaşmalı, fərqli təcrübə qazanmalıyıq. Amma yenə deyirəm, sponsorumuz yoxdur. Bütün bunları yalnız öz imkanlarımız və valideynlərin dəstəyi hesabına həyata keçirə bilirik. Komandalarımız AFFA-nın bayrağı altında keçirilən zona yarışlarında çıxış edirlər. U-9, U-10, U-11, U-12 və U-13 yaş qruplarımızın hamısı hazırda liqalarda mübarizə aparır. Altı turdan sonra bütün yaş qruplarımız üzrə ümumi nəticələrimizdə cəmi bir məğlubiyyət və bir heç-heçə var, qalanı qəlibiyyətdir.

– Bəs bu uşaqlar böyüdükcə, müəyyən yaş həddinə çatdıqdan sonra onların gələcəyi necə olacaq? Bununla bağlı planınız var?

– “Alfa Zaqatala” olaraq əsas məqsədimiz uşaqları mümkün qədər U-16, U-17 yaş qruplarına qədər yetişdirməkdir. Ən azı bu mərhələyə qədər onların inkişafını təmin etmək istəyirik. Hazırda planımız budur. Çünki daha böyük komanda yaratmaq üçün ciddi maliyyə vəsaiti tələb olunur. Amma düşünürəm ki, U-16, U-17 qruplarına qədər fəaliyyətimizi davam etdirməkdə ciddi problem yaşamayacağıq.

- Niyə məhz o yaş qruplarında?

- Çünki həmin yaşdan sonra başqa çətinliklər ortaya çıxır. Hərbi xidmət, universitetə qəbul və digər məsələlər futbolçuların komandada qalmasına təsir göstərir. Belə vəziyyətdə uşaqları komandada saxlamaq, əməkdaşlığımızı davam etdirmək müəyyən çətinliklər yaradır.

- Vəziyyətdən necə çıxacaqsınız?

- Artıq bir sıra klublara da şəxsən müraciət etmişəm. İstəyimiz odur ki, böyük klublarla müəyyən əməkdaşlıq əlaqələri quraq. Potensiallı, gələcəkdə yaxşı futbolçu ola biləcək uşaqlarımızı üzə çıxarmaq və onların inkişafına şərait yaratmaq istəyirik. Əgər hansısa klub bizimlə əməkdaşlıq etməkdə maraqlı olarsa, perspektivli futbolçularımızı həmin klublara yönləndirməyə hazırıq. Əsas istəyimiz onların daha yaxşı şəraitdə məşq etməsi, təcrübə qazanması, yaxşı futbol oynaması və peşəkar futbolçu kimi inkişaf etməsidir. Yəni bizim məqsədimiz sadəcə futbol klubunu böyütmək deyil. Əsas hədəfimiz futbolçular yetişdirmək, onların gələcək karyerasına yol açmaq və Azərbaycan futboluna yeni istedadlar qazandırmaqdır.

– Uşaq futbolunda məhdud imkanlarla komanda saxlamaq, uşaqların inkişafı ilə məşğul olmaq çox çətindir. Məşqçi kimi sizi ən çox hansı problemlər narahat edir?

– Uşaq futbolunda çoxsaylı problemlər var. İlk növbədə, şərait məsələsini qeyd edərdim. Elə Zaqatalanı götürək. Zaqatalada iki böyük stadionumuz var. Stadion rəhbərliyi sağ olsun, bizə çox münasib, rayon üçün kifayət qədər aşağı məbləğlə məşq etmək imkanı yaradıb. Uşaqların məşq etməsi və inkişafı üçün şərait yaradılıb. Amma inanın, buna baxmayaraq, Zaqatalada fəaliyyət göstərən yaş qruplarının sayı o qədər çoxdur ki, stadionlarda vaxt bölgüsü ilə bağlı çətinlik yaşayırıq. Bizə məşq üçün bir, bir saat yarım, bəzən iki saat vaxt lazımdır. Həmin saatlarda isə stadionda çoxsaylı komandalar olur. Meydançanı üç-dörd hissəyə bölərək istifadə etməli oluruq. Böyük komanda da var, aşağı yaş qruplarında çıxış edən komandalar da. Yəni stadion və meydança çatışmazlığı uşaq futbolunun əsas problemlərindən biridir. Əslində, futbolçunun yetişməsi üçün ilk növbədə nəyə ehtiyac var? Meydançaya və topa. Bunlar olduqdan sonra digər məsələləri də həll etmək mümkündür. Braziliyada uşaqların harada futbol oynayıb yetişdiyinə baxın: torpaq meydançalarda, qumda, çimərlikdə. Əllərində bir top olur və onunla gecə-gündüz məşğul olaraq texniki bacarıqlarını inkişaf etdirirlər. Təbii ki, taktiki hazırlıq, müəyyən oyun elementlərinin mənimsənilməsi üçün böyük meydançaya da ehtiyac var. Amma kiçik yaşlı futbolçunun ilkin inkişafı üçün mütləq böyük meydança tələb olunmur. Bununla belə, uşaqların sayı artdıqca normal məşq meydançalarının olması vacibdir. Bir sözlə, şərait problemi kifayət qədər ciddidir. Və əsas problem…

-Nədir? (davamı olacaq)

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
14 Noyabr 12:40 Vur, Mahir, vur! - VİDEO