Azərbaycan U-21 millisi Omanın U-23 yığması ilə keçirdiyi yoxlama oyununda 2:1 hesabı ilə qələbə qazandı.
Görüşün qəhrəmanı isə hər iki qola imza atan Niyazi Osmanov oldu.
10 aprel 2006-cı il təvəllüdlü Niyazi Osmanov hazırda Birinci Liqada mübarizə aparan «Şimal»ın formasını geyinir.
«Sabah» Futbol Akademiyasının yetirməsi olan hücumçu əvvəlcə klubun U-19 və ikinci komandasında çıxış edib, daha sonra «Şimal»a keçərək böyüklər futbolunda təcrübə qazanmağa başlayıb.
Bu nümunə Azərbaycan futbolunda vacib bir məsələyə yenidən diqqət yetirməyimiz üçün yaxşı fürsətdir.
U-19, U-20 və U-21 komandalarına daha çox belə futbolçular dəvət edilməlidir. Xüsusilə Birinci və İkinci Liqada çıxış edən, müntəzəm oyun praktikası qazanan gənc futbolçuların diqqətdən kənarda qalmaması vacibdir.
Çünki 17-21 yaş aralığında futbolçular üçün böyüklər futbolunda qazanılan təcrübə xüsusi əhəmiyyət daşıyır. Fiziki mübarizə, oyun intensivliyi, qərarvermə sürəti və nəticəyə görə məsuliyyət gənc futbolçunun inkişafına birbaşa təsir göstərir.
Avropa futbolu ilə müqayisədə əsas fərqlərdən biri də məhz bu mərhələdə ortaya çıxır. Avropanın bir çox ölkəsində gənc futbolçular erkən yaşlardan aşağı peşəkar liqalarda çıxış edərək böyüklər futbolunun tələblərinə uyğunlaşırlar.
Niyazi Osmanov daha əvvəl Azərbaycan U-17 millisində də çıxış edib.
2022/2023-cü illərdə Avropa çempionatının seçmə mərhələsində üç oyunda iştirak edən futbolçu iki qol vurub. Sonrakı mərhələdə U-19 millisinə də dəvət alan Osmanovun beynəlxalq təcrübəsi formalaşmağa başlayıb.
Azərbaycan futbolunda bu istiqamətdə seleksiya imkanlarının genişləndirilməsi, aşağı liqalarda çıxış edən gənclərin mütəmadi izlənilməsi və milli komandalara cəlb olunması vacibdir.
Niyazi Osmanovun nümunəsi göstərir ki, Birinci Liqada çıxış edən gənc futbolçular da milli komandanın nəticəsinə birbaşa təsir göstərə bilərlər.
Bu cür futbolçulara daha çox diqqət ayrılması gələcəkdə milli komandaların rəqabət qabiliyyətinin artırılmasına töhfə verə bilər.
SPORTİNFO.AZ
