«Neftçi»nin baş məşqçisi Yuri Vernidub şok qərar qəbul edib. Əminik ki, paylaşacağımız bu xəbər ağ-qara rənglərə könül vermiş azarkeşlər tərəfindən böyük maraq və rəğbətlə qarşılanıb.
Məlumunuz olsun ki, paytaxt klubunda pul mükafatının verilməsi qaydası dəyişdirilib. Sırf ukraynalı mütəxəssisin istəyi ilə. Belə ki, komanda heç-heçə etdiyi oyunlara görə mükafat almır. Ödəniş yalnız qələbə müqabilində mümkündür.
60 yaşlı çalışdırıcı rəhbərliklə görüşdə və oyunçularla keçirdiyi iclasda bu qərarını məntiqi yolla əsaslandırıb. O, «Neftçi»nin ölkənin ən yaşlı klubu olmasını xatırladıb, yalnız qalibiyyət barədə düşünmələri gərəkdiyini bildirib. «Böyük tarixə malik «Neftçi» yalnız çempionluq uğrunda mübarizə aparmalıdır. Biz 1 xal qazananda sevinməli deyilik. Daxilən məyusluq hissini yaşamalı və utanmalıyıq. Mən isə bunu istəmirəm. Gərək hər oyuna qazanmaq niyyəti və məqsədi ilə çıxaq. Heç-heçə etməyi başımızdan ataq. Ağlımızda belə fikirlər olmamalıdır. Özümüzü çempionluğa mental olaraq hazırlamalıyıq. «Neftçi»nin formasını geyinən futbolçu 1 xalı özünə yaraşdırmamalıdır» - Vernidub söyləyib.
Premyer Liqada ilk dövrə arxada qalıb: 11 tura 7 qələbə əldə edən bakılılar 24 xalla turnir cədvəlinin lideridir. «Neftçi» ikinci-üçüncü pillələri bölüşdürən «Sabah»la «Turan Tovuz»u 3, dördüncü sıradakı «Qarabağ»ı 5 xal qabaqlayır.
SPORTİNFO.AZ
