Bölgə klubunun təqdirəlayiq addımına LAQEYD MÜNASİBƏT

19:00 Premyerliqa 79
Bölgə klubunun təqdirəlayiq addımına LAQEYD MÜNASİBƏT

Premyer Liqanın geridə qalan 11 turunda ən çox yerli futbolçuya şans verən klub “İmişli”dir.

Əksər hallarda eyni vaxtda 6 azərbaycanlı futbolçu əsas heyətdə yer alır. Bu isə indiki legioner bolluğu fonunda xüsusi diqqət çəkən məqamdır.

Lakin burada maraqlı bir paradoks ortaya çıxır.

Belə ki, milli komandanın açıqlanan son heyətində Premyer Liqanın 12 klubundan 11-nin futbolçusu yer alıb.

Yeganə istisna isə “İmişli”dir. Çempionatda yerli futbolçulara ən çox güvənən komandanın heyətindən milliyə bir nəfərin belə dəvət almaması düşündürücüdür.

Halbuki “İmişli”nin heyətində əvvəllər milli təcrübəsi olan Bəxtiyar Həsənalızadə, Azər Salahlı, Yusif İmanov kimi futbolçular var. Bununla yanaşı, cari mövsümdə özünü yaxşı tərəfdən göstərən İdris İnqilablı, Fərid Nəbiyev və digər yerli oyunçular da diqqətdən kənarda qalıb.

Təbii ki, milliyə dəvət məsələsində son qərar baş məşqçinindir və hər futbolçunun çağırılmasını tələb etmək olmaz.

Ancaq yerli oyunçulara ən çox güvənən, onlara müntəzəm şans verən klubun heç bir təmsilçisinin milliyə layiq görülməməsi müəyyən suallar yaradır.

Axı yerli futbolçulara güvənməyin, onlara meydan verməyin müəyyən bir qarşılığı da olmalıdır.

Üstəlik, “İmişli”nin bu siyasəti nəticələr üzərindən də özünü doğruldur.

Komanda birinci dövrəni 8-ci pillədə başa vurub və ən azı dörd rəqibini qabaqlamağı bacarıb.

Yəni legionerlərə daha çox güvənən rəqibləri ilə mübarizədə yerli futbolçuların hesabına ayaqda qalmağı bacarır.

Ən vacib məqam odur ki, bu gün milli komandada yer alanlar "İmişli"dəki yerlilərdən əlahiddə fərqlənmirlər, bəziləri hətta geri qalırlar.

Belə olan halda, “İmişli”nin yerli futbolçulara verdiyi dəyər alqışlanmalı, həmin futbolçuların əməyinə də diqqət yetirilməlidir.

Təəssüf ki, bölgə klubu təqdirəlayiq strategiyasının qarşılığını görmür.

Ən narahatedici məqam isə bunun gələcəkdə “İmişli”yə psixoloji təsir göstərmək ehtimalıdır.

Rəhbərlik və məşqçilər heyəti yerli futbolçulara güvənir, onlara şans verir, komanda isə bu yanaşmanın bəhrəsini görməyə çalışır.

Lakin futbolçular göstərdikləri performansa baxmayaraq milli komandadan kənarda qalırsa, bu, həm onların motivasiyasına, həm də klubun gələcək strategiyasına mənfi təsir edə bilər.

XANOĞLAN İMANOV/ SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti