“Qapımızdan möhtəşəm qol buraxdıq” – Səmimi etiraflar!

16:40 Müsahibə 132
“Qapımızdan möhtəşəm qol buraxdıq” – Səmimi etiraflar!

“İmişli” çətin Gəncə səfərindən əliboş döndü.

Baxmayaraq ki, oyunboyu hər iki komandanın qol vurmaq, qələbə qazanmaq şansları var idi.

Lakin “Kəpəz” Namiq Ələsgərovun cərimə zərbəsindən vurduğu möhtəşəm qol sayəsində növbəti 3 xalı bayram etdi.

Sportinfo.az-a müsahibə verən “İmişli”nin müdafiəçisi Bəxtiyar Həsənalızadə matçla bağlı suallara aydınlıq gətirib.

- Meydanı azı 1 xalla tərk etmək üçün nə çatmadı?

- Yaxşı oyun keçirdiyimizi deməliyəm. Düzdür, öz səhvlərimiz ucbatından “Kəpəz”ə qol imkanları verdik. Əksər epizodlarda böyük qüvvə ilə hücuma atıldığımıza görə müdafiədə boşluqlara yol verirdik. Bu, elə oyun idi ki, ələ düşən fürsəti dəyərləndirən qələbə qazanacaqdı. “Kəpəz” bu imkandan yararlanıb qalib gəldi.

- Halbuki ilk hissədə sayılmayan qolunuz var idi.

- Bəli, qol vurduq. Hətta hakim qolu hesaba almadığına görə özüm də etiraz etmişdim. İlk dəfə görəndə orada toxunuşun olmadığını hiss etmişdim. Ancaq videotəkrara baxanda komanda yoldaşımın Ürfan Abbasovun ayağını tapdadığını gördüm. Sadəcə hakim fitini tez səsləndirmişdi. Epizodun tamamlanmasını gözləmək lazım idi. Həmin qol qeyə alınsaydı, gedişat başqa cür olacaqdı.

- Buraxdığınız qolu necə şərh edə bilərsən?

- Qapımızdan möhtəşəm qol buraxdıq. Qol cərimə zərbəsindən vurulsa da, qapıçımızı günahlandıra bilmərik. Top elə bir nöqtəyə getdi ki... Zərbədən əvvəl gedib həmin yerdə dayansaydı, bəlkə də çıxara bilərdi. Lakin bu, qapıçı üçün yanlış qərar olardı. Çünki cərimə zərbələri zamanı qapıçılar qapının mərkəzində dayanır, sırf hansısa cinahı qorumur.

- Namiq Ələsgərovun vurduğu qola görə qayda pozuntusuna yol verən komanda yoldaşını qınamaq olar?

- Qayda pozuntusu edəndə düşünmürsən ki, rəqib 25-30 metrdən qol vuracaq, ya yox. Ona görə də kimisə günahlandırmaq düzgün olmaz. Etiraf etməliyik, möhtəşəm qol idi.

- İllərdir Azərbaycanda oynayırsan, bir müddət Türkiyədə çıxış etmisən. Gəncə stadionundakı ab-havanı necə dəyərləndirirsən?

- İnanılmaz dərəcədə möhtəşəm atmosfer var idi. Düzdür, Türkiyədə bundan da ağır vəziyyətlərdə oynamışam. Azərbaycanda Lənkərandan sonra ilk dəfəydi belə azarkeş dəstəyi altında çıxış edirdim. “Kəpəz”sevərləri təbrik edirəm, həqiqətən təqdirəlayiq azarkeşlərdir.

- Təzyiq nə dərəcədə hiss olunurdu?

- Sırf özümdən götürsəm, ciddi narahatlığın olduğunu deməzdim. Komanda olaraq da həyəcan keçirdiyimizi düşünmürəm. Sadəcə, “Kəpəz”lə səfərdə oynayırsansa, ələ düşən imkanları dəyərləndirməlisən. Sən vura bilməyəndə, “Kəpəz” həvəslənir, sürəti artırır, azarkeş də komandanı ruhlandırır və böyük qüvvə ilə üstünə gəlirlər. Belə olan halda səhvlər qaçılmaz olur.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
2 Noyabr 20:54 Sumqayıtda iki qol