Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin sabiq rəisi Raqif Abbasov və eyni idarənin maliyyə-iqtisadiyyat sektorunun müdiri işləmiş Eldəniz Qulamovun 2 ilə yaxındır davam edən məhkəmə istintaqı başa çatıb.
Sportinfo.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda prokuror ittiham nitqi ilə çıxış edib.
Bəyan edilib ki, təqsirləndirilən şəxslərə verilmiş ittihamlar əsaslıdır, məhkəmə istintaqı zamanı təsdiqini tapıb.
Prokuror Raqif Abbasov və Eldəniz Qulamovun vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə xüsusilə külli miqdarda mənimsəmədə təqsirli bilinmələrini, hərəsinin 12 il azadlıqdan məhrum edilmələrini, azadlıqda olduqları üçün məhkəmə salonunda həbs olunmalarını tələb edib.
Məhkəməyə sədrlik edən hakim Eldar İsmayılov vəkillərə müdafiə çıxışına hazırlanmaları üçün vaxt verilib.
Raqif Abbasov və Eldəniz Qulamov Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən cinayət məsuliyyətinə cəlb olunub.
Onların əməlləri nəticəsində Gənclər və İdman Nazirliyinə 800 min manat ziyan vurulub. Həmin məbləğin 100 min manatı hazırda Naxçıvan Futbol federasiyasının baş katibi işləyən R.Abbasov tərəfindən ödənilib.

