"Sumqayıt" ölkə kubokunun ikinci təsnifat mərhələsində ikinci liqa təmsilçisi "Kür Araz"ın daşını daş üstə qoymadı - 11:0.
Qarşılaşmadan sonra "kimyaçılar"ın braziliyalı yarımmüdafiəçisi Lukas Blek Sportinfo.az-a müsahibə verib.
- Karyeran ərzində belə böyük hesabla qalib gəldiyin oyun olmuşdu?
- Xeyr, indiyədək bu qədər böyük hesablı qələbə qazanmamışdım.
- Oyundan sonra rəqib futbolçularla aranızda hər hansı dialoq yaşandımı?
- Xeyr, oyun bitdikdən sonra paltardəyişmə otağına getmədim, çünki oyundan sonra məşqim var idi.
- “Sumqayıt”ın arxada qalan doqquz turdakı çıxışını necə qiymətləndirirsən?
- Artıq komandamızın öz oyun üslubu formalaşıb. Yaxşı oyunlar keçiririk və inkişaf etməyə davam edəcəyik.
- Ardıcıl dörd oyunda məğlub olmayan komanda Premyer Liqanın son turunda səfərdə “Zirə”yə uduzdu. Səncə, məğlubiyyətin əsas səbəbi nə oldu?
- Düşünürəm ki, hər şey xırda detallardan asılı oldu. İkinci hissədə çox yaxşı oynadıq. Hesabda iki top geridə olsaq da, fərqi aradan qaldırdıq. Lakin oyunun sonlarında qol buraxdıq.
- “Zirə” ilə oyunda hakimlərin idarəçiliyini necə qiymətləndirirsən?
- Ümumiyyətlə, buradakı hakimlər çox da ardıcıl və tutarlı qərarlar vermirlər. Amma biz futbolumuzu oynamalı və hakimləri düşünməməliyik. Düşünürəm ki, “Zirə” ilə oyunda hakimlik o qədər də pis deyildi.
- Azərbaycan Premyer Liqasının səviyyəsi barədə ilk təəssüratların necədir? Çempionat gözləntilərinə cavab verirmi?
- Bəli, səviyyə çox yaxşıdır. Çempionatda çoxlu yaxşı futbolçu var və bu da onun səviyyəsini yüksəldir.
- Azərbaycan mətbəxi və Sumqayıt sakinləri haqqında nə düşünürsən? Azərbaycanda və şəhərdə həyata uyğunlaşa bilmisənmi?
- Burada hər şey çox yaxşıdır. Ölkə, yeməklər, mədəniyyət və sair. Bəli, artıq uyğunlaşmışam və özümü çox yaxşı hiss edirəm.
XANOĞLAN İMANOV
