Üç azərbaycanlı futbolçu İspaniyada “Kádiz”in akademiyasında qiymətləndirmə proqramında iştirakçıdır.
Onlar Avropa futbolunda özlərini göstərmək və beynəlxalq təcrübə qazanmaq imkanı əldə edəcəklər.
“Trampolin Vorld” şirkətinin Azərbaycan nümayəndəliyi olan European Football Academy (EFA) və İspaniyanın La Liqa 2 təmsilçisi “Kádiz” akademiyası arasında əməkdaşlıq çərçivəsində 18 yaşadək futbolçular üçün “HPT Assessment Programme“ həyata keçirilir.
Noyabrın 20-dək davam edəcək proqramda EFA Akademiyasının yetirmələri İlyas Səmədzadə, Raul Əsgərov və Şahin Qasımzadə iştirak edəcəklər.
Gənc futbolçular İspaniyanın “El Madruqador“ kampusunda məskunlaşacaq, məşq prosesinə qatılacaq və “Kádiz”in akademiyasında müxtəlif qiymətləndirmə mərhələlərindən keçəcəklər.
Proqramın əsas məqsədi futbolçuların fərdi potensialının, texniki və fiziki göstəricilərinin qiymətləndirilməsi, eləcə də onların Avropa futbolunun hazırlıq metodologiyası ilə tanış olmasıdır.
Layihənin diqqətçəkən tərəflərindən biri də futbolçuların İspaniya klubunun mütəxəssisləri tərəfindən yaxından izlənilməsi və qiymətləndirilməsi imkanıdır.
Bu baxımdan proqram gənclər üçün yalnız beynəlxalq təcrübə deyil, həm də gələcək karyeraları baxımından yeni imkanlar yarada bilər.
Qiymətləndirmə nəticələrindən və futbolçuların nümayiş etdirəcəkləri performansdan asılı olaraq, onların gələcəkdə əlavə baxış mərhələlərinə dəvət olunması və daha uzunmüddətli inkişaf imkanlarının nəzərdən keçirilməsi potensialı mövcuddur.
Beləliklə, bu səfər gənc futbolçular üçün İspaniya futbol sistemində özlərini göstərmək baxımından mühüm fürsət ola bilər.
Proqramda iştirakın özü “Kádiz”in akademiyasına qəbul və ya müqavilə təminatı demək deyil. Bununla belə, oyunçuların beynəlxalq səviyyədə qiymətləndirilməsi onların gələcək inkişafı üçün əhəmiyyətli addımdır.
SPORTİNFO.AZ
