"Qarabağ"la "Sabah" arasında amansız çempionluq mübarizəsi gözlənilirdi, amma "Neftçi"..."

22:20 Premyerliqa 60
"Qarabağ"la "Sabah" arasında amansız çempionluq mübarizəsi gözlənilirdi, amma "Neftçi"..."

Premyer Liqada 11-ci tur arxada qaldı.

Bununla da birinci dövrə başa çatdı.

Mövsümün geridə qalan 1/3 dönəmində nələr yaşandı? Hansı klublar təəccübləndirdi, hansılar çıxışı ilə təəssüf yaratdı?

AFFA Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov Sportinfo.az-a açıqlamasında bu suallara geniş toxunub:

"Ümumiyyətlə, çempionat başlamazdan əvvəl də bəlli idi ki, bu mövsüm gərgin və rəqabətli mübarizənin şahidi olacağıq.

Arxada qalan birinci dövrə də bunun əyani sübutu oldu. Gözlənilməz xal itkiləri, liderin dəyişməsi və komandaların qeyri-sabit çıxışları ilə yadda qalan bir dövrə izlədik.

Birinci dövrənin sonunda "Neftçi" 24 xalla turnir cədvəlinin zirvəsində qərarlaşdı. Mövsüm başlamazdan əvvəl son çempion "Sabah" və son illərdə Azərbaycan futbolunda dominantlıq edən "Qarabağ" arasında amansız çempionluq yarışı gözlənilirdi.

Lakin birinci dövrə tamamilə fərqli ssenari üzrə inkişaf etdi. Liderlik mübarizəsi daha da qızışdı.

Ötən mövsümü dördüncü pillədə başa vuran "Neftçi" əvvəlki əzəmətini qaytarmaq, heyətini gücləndirmək istiqamətində atdığı addımların nəticəsini gördü. Bakı təmsilçisi 24 xal toplamaqla birinci dövrəni lider kimi tamamladı.

Bir neçə çempionluq iddialısının – "Sabah" və "Qarabağ"ın gözlənilməz xal itkiləri oldu. Hər iki komandanın həm avrokuboklardakı oyunlarının sıxlığı, həm də daxili çempionatda rəqiblərin müqaviməti bu nəticələrə təsir göstərdi.

Xüsusilə "Qarabağ"ın son turlarda "Qəbələ" ilə heç-heçə etməsi və doğma meydanda "Turan Tovuz"a məğlub olması zirvədən uzaqlaşmasına səbəb oldu.

Birinci dövrənin nəticələrinə əsasən deyə bilərik ki, həm müsbət, həm də mənfi mənada diqqət çəkən komandalar oldu.

İlk növbədə, istər-istəməz "Neftçi"ni qeyd etməliyik. Uzun müddətdir çempionluq həsrəti çəkən Bakı təmsilçisi birinci dövrədə cəmi bir dəfə məğlub oldu. Eyni zamanda, 26 qolla çempionatın ən məhsuldar hücum xəttinə sahibdir və liderliyə yüksəlib.

Burada "Turan Tovuz"u da xüsusi qeyd etmək lazımdır. Son iki oyunda çox uğurlu nəticələr əldə etməklə, hər iki görüşdə qələbə qazanmaqla çempionluq mübarizəsində onların da iddialı olduğunu hamıya göstərdi.

Xüsusilə "Sabah"la Tovuzda keçirilən qarşılaşma komanda üçün taleyüklü idi. Futbolçular da başa düşürdülər ki, bu, ya tamam, ya davam oyunudur. Məğlubiyyət "Turan Tovuz"un çempionluq iddiasından ciddi şəkildə uzaqlaşmasına səbəb ola bilərdi.

"Sabah"ı məğlub etməklə psixoloji üstünlük qazanan Tovuz təmsilçisi daha sonra güclü "Qarabağ"la səfər oyununda da etibarlı təsir bağışladı. Bir top fərqi ilə qələbə qazanaraq xallarının sayını 21-ə çatdırdı və ikinci pilləyə yüksəldi. Beləliklə, çempionluq iddiasını açıq şəkildə ortaya qoydu.

Məni sevindirən məqamlardan biri də "Kəpəz"in ilk dövrədə sürprizlərlə dolu oyunlar nümayiş etdirməsi oldu. Ötən mövsümlərdə avrokuboklar uğrunda mübarizədən uzaq, daha çox autsayderlər sırasında yer alan Gəncə klubu yeni stadion amili, intizamlı oyunu və azarkeş dəstəyi sayəsində orta sıralarda möhkəmlənə bildi.

Daha əvvəl iddialı çıxışları ilə diqqət çəkən "Araz-Naxçıvan" isə birinci dövrədə qələbə üzünə həsrət qalaraq autsayderlər qrupuna düşdü.

Hazırkı turnir vəziyyəti göstərir ki, çempionat iştirakçıları üç qrupa bölünüb. Çempionluq hədəfi olan dörd komanda – 24 xala malik "Neftçi", 21 xallı "Turan Tovuz", "Sabah" və 19 xallı "Qarabağ" ilk dördlükdə qərarlaşıb və digər rəqiblərindən müəyyən qədər uzaqlaşıblar. Düzdür, "Sabah" və "Qarabağ"ın ehtiyatda bir oyunu var. Həmin görüşlər keçirildikdən sonra zirvədə xal fərqi daha da azala bilər.

Orta sıralarda qərarlaşan "Zirə", "Şamaxı", "Kəpəz" və "Sumqayıt"ı qeyd etmək lazımdır. Bu komandalar avrokubok zonasına yaxınlaşmağa çalışsalar da, qeyri-sabit nəticələr səbəbindən liderlərdən geri qalırlar".

Təcrübəli futbol mütəxəssisi "ikinci altılıq"da da gərgin mübarizənin getdiyini sözlərinə əlavə edib:

"Aşağı sıralarda da gərginlik hiss olunur. Elitaya yeni yüksələn "Şəfa"nın liqada qalmaq uğrunda mübarizə aparan komanda kimi başa düşmək olar. Ancaq "Araz-Naxçıvan"ın vəziyyəti bir qədər fərqlidir. Naxçıvan təmsilçisi ilk dövrədə gözlənilən performansı göstərə bilmədi. Biz "Araz-Naxçıvan"ı həmişə iddialı, ən yüksək pillələr uğrunda mübarizə aparan komanda kimi görmüşük. Bu səbəbdən onu hazırkı vəziyyətdə görməyə öyrəşməmişik.

Aşağı sıralarda isə dörd komandadan ibarət başqa bir qrup görürük. Mən istəməzdim onları sırf autsayder adlandırım. Ancaq "İmişli", "Qəbələ", "Şəfa" ilk dövrədə hərəyə cəmi bir qələbə qazanıblar. Bu dördlüyü ikinci dövrədə Premyer Liqada qalmaq uğrunda ciddi mübarizə gözləyir.

Bir sözlə, çox maraqlı birinci dövrənin şahidi olduq. İnanıram ki, bizi bundan da gərgin, intriqalarla zəngin ikinci dövrə gözləyir.

Burada azarkeşləri də mütləq qeyd etmək lazımdır. İlk dövrədə komandaların nümayiş etdirdiyi oyun və rəqabət azarkeşlərimizi yenidən stadionlara qaytarmağa başladı. Bu, Azərbaycan futbolu adına çox böyük nailiyyətdir. Hesab edirəm ki, bu tendensiya davam edəcək və komandalarımız azarkeşlərini sevindirməklə yollarına davam edəcəklər".

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti