Fransa millisinin baş məşqçisi Zinəddin Zidan komandanın çıxışını dəyərləndirib və inkişaf etməli olduqları məqamları açıqlayıb.
Sportinfo.az “RMC Sport”-a istinadən xəbər verir ki, o, yığmanın hazırlıq üçün kifayət qədər vaxtının olmadığını bildirib:
“Bu, bizim ikinci təlim-məşq toplanışımızdır. Biz klub komandası deyilik, buna görə də müəyyən çətinliklər yaşayırıq.
Belə ki, normal məşqlər üçün demək olar ki, vaxtımız olmur. İtaliya millisinə məğlubiyyətə baxmayaraq, indiyədək əldə etdiyimiz nəticələri qənaətbəxş hesab edirəm.
Bununla belə, hər sahədə inkişaf etməliyik. Daha yaxşı oynamaq gücündəyik və zaman keçdikcə mütləq irəliləyiş əldə edəcəyik”.
Fransa millisi Millətlər Liqasının son oyununda İtaliya yığmasına 1:3 hesabı ilə uduzub. Komanda noyabrın 15-də Türkiyə millisi ilə qarşılaşacaq.
