"Həmin vaxt futbol yada düşmürdü, hər kəsin fikri cəbhədə idi" - Asif Məmmədov

22:55 Müsahibə 51
"Həmin vaxt futbol yada düşmürdü, hər kəsin fikri cəbhədə idi" - Asif Məmmədov

Bu gün ölkəmizdə Zəfər Günü qeyd olunur.

Vətən müharibəsində qazandığımız tarixi qələbənin 6-cı ildönümü tamam olur.

Bu əlamətdar gündə “Qəbələ”nin kapitanı, əslən Ağdam rayonunun Abdal-Gülablı kəndindən olan Asif Məmmədovla söhbətləşməyimiz əbəs deyildi.

40 yaşlı futbolçu 44 günlük Vətən müharibəsi zamanı Ağdam uğrunda gedən döyüşlərə könüllü qatılıb.

Asif Məmmədovla həmin günlərə qayıtdıq, yaşadığı hadisələri və müharibə xatirələrini yada saldıq.

- Zəfər Günü münasibətilə sizi təbrik edirəm. Zəfərimizin iştirakçısı kimi gününüz necə keçdi? Yəqin ki, çox saylı təbriklər aldınız...

- Bəli, çoxsaylı təbriklər aldım. Bu qələbə əməyi olan hər kəsin – şəhidlərimizin, qazilərimizin, veteranlarımızın və bütövlükdə xalqımızın qələbəsidir. Çünki müharibə başlayanda gördük ki, kiçiyindən böyüyünə qədər hər kəsin bir arzusu, bir amalı var: qələbə qazanmaq. Bu, bütün Azərbaycanın qələbəsidir. Mən də bu bayram münasibətilə hamımızı təbrik edirəm.

- Əslən Ağdamdansınız. Torpaqlarımızın azad olunması sizin üçün hansı mənanı daşıyır?

- Bizim işimiz elədir ki, daim əcnəbilərlə təmasda oluruq. Şükür Allaha ki, artıq xaricilərlə söhbət haradan olduğumuzu soruşanda rahatlıqla deyə bilirik. Mən əslən Ağdamdanam. Altı il bundan əvvəl torpaqlarımız işğal altında idi. Bu, bizim üçün çox ağır hiss idi. İndi isə rahatlıqla deyə bilirəm ki, mən ağdamlıyam, qarabağlıyam və torpaqlarımız azaddır. Haradan baxırsan bax, bu, insana böyük qürur verir. Əvvəllər belə vəziyyətlərlə qarşılaşanda, məsələn, olduğumuz oteldə erməniləri görəndə, istər-istəməz insanda böyük nifrət yaranırdı. Uşaq da olsa, böyük də olsa, onlara qarşı mənfi hisslər keçirirdin. Ən pisi də o idi ki, əlindən heç nə gəlmirdi. Amma indi vəziyyət tamam başqadır.

- Necədir?

İndi onlara daha rahat baxıram. Çünki biz qələbə qazanmışıq, olar isə məğlub olublar. Artıq heç bir sıxıntı hiss etmirəm. Sabah futbol meydanında qarşılaşsaq belə, kimin udub-uduzmasının mənim üçün elə də əhəmiyyəti olmaz. Əsas odur ki, biz müharibəni qazanmışıq. Əvvəllər hansısa erməni komandası ilə qarşılaşmaq belə psixoloji baxımdan çətin ola bilərdi. İndi isə çox rahatam. Əsas qələbə bizimdir.

- Müharibəyə könüllü qoşulanlardan olmusan. Bu qərarı həmin anda verdiniz, yoxsa məhz bu günü gözləyirdin?

- Müharibə başlanandan bir gün sonra, sentyabrın 28-də Ağdama getdim. Ağdam mənim yaxşı tanıdığım, doğma yerim idi. Orada əvvəllər də çox söhbət etdiyimiz, yaxın münasibətdə olduğum insanlar vardı. Müşfiq Abbasov, xalam oğlu Elşən və başqaları ilə tez-tez bir yerə yığışır, söhbət edirdik. Müharibə başlayanda düşünürdüm ki, belə bir vəziyyətdə Ağdama getmək, əlimdən gələn köməyi etmək lazımdır. Əvvəlcə həmin adamlarla əlaqə saxlamağa çalışdım, amma heç biri telefonuma cavab vermədi. Sonra yaxınlarımdan birini götürüb yola düşdüm. Yolüstü Sədərəkdən keçəndə bayraqlar da aldım və Ağdama getdim. Orada Müşfiqlə görüşdük, söhbət etdik. Həmin vaxt onlar hansısa əməliyyatdan qayıtmışdılar. Təxminən altı-yeddi nəfərlə görüşdük. Mən də onlara dedim ki, burada nə iş görmək lazımdırsa, hazıram. Biz də müdafiədə iştirak etməliyik, əlimizdən gələni etməliyik. Bir qədər söhbət etdikdən sonra evə qayıtdım. Amma fikrim yenə orada qalmışdı. Bir gün sonra yenidən hazırlaşıb onların yanına getdim. Yenə dedilər ki, sən öz işinlə məşğul ol, burada hələ ciddi bir hərəkət yoxdur. Mən isə gözləmək istəmirdim. Onlarla birlikdə postlara çıxdım.

- Ağdamdakı postlarda əsas vəzifəniz nədən ibarət idi?

- Həmin vaxt Ağdamda hərbi heyətin böyük əksəriyyəti artıq başqa istiqamətlərə göndərilmişdi. Demək olar, köhnə hərbçilərin 95 faizi cəbhənin əsas döyüş gedən bölgələrinə yollanmışdı. Ağdamda isə postları tanıyan, ərazini bilən az sayda hərbçi qalmışdı. Postlarda ümumilikdə maksimum 30 nəfər var idi. Onların arasında gizirlər, leytenantlar və digər hərbi qulluqçular da vardı. Amma bunlar müharibə təcrübəsi olmayan, döyüş görməmiş gənc hərbçilər idi. Sonradan belə qərara gəldilər ki, köhnə hərbçilər, müharibə təcrübəsi olan veteranlar da axşamlar postlarda olmalıdırlar. Çünki gənc əsgərlərin yanında təcrübəli insanların olması vacib idi. Onlar həm əsgərlərə dəstək olmalı, həm də yaranan həyəcanın qarşısını almalı idilər. Məsələn, axşamlar bəzən hansısa heyvanın gözləri uzaqdan işıq kimi görünürdü. Müharibə təcrübəsi olmayan əsgərlər bunu başqa cür başa düşür, elə bilirdilər ki, qarşıda düşmən var. Hətta belə hallarda heyvana atəş açanlar da olurdu. Köhnə hərbçilər isə vəziyyəti izah edirdilər ki, qorxmağa ehtiyac yoxdur, bu, sadəcə heyvandır. Yəni həmin vaxt postlarda təcrübəli insanların olması çox vacib idi. Leytenantlar, zabitlər vardı, amma onların da müharibə təcrübəsi yox idi. Ona görə köhnə hərbçilərin dəstəyinə ehtiyac duyulurdu. Təbii ki, postlarda müəyyən narahatlıq və həyəcan var idi. Nə qədər desək də, müharibə görməmiş insanlar üçün bu vəziyyət asan deyildi. Biz də çalışırdıq ki, əsgərlərin yanında olaq, onlara mənəvi dəstək verək.

- Əsgərlər futbolçu olduğunu bilirdilər?

- Bəli. Bəzən hətta futbol haqqında danışırdıq, söhbət edirdik, zarafatlaşırdıq. Məqsədimiz onların fikrini bir qədər yayındırmaq, təsəlli vermək və ruh yüksəkliyi yaratmaq idi. Mən də əsasən bu məqsədlə onlara qoşulmuşdum. İlk vaxtlar bizim olduğumuz ərazidə ciddi hücum yox idi, əsasən müdafiə mövqeyində dayanırdıq. Amma sonradan postlara hücumlar da oldu. Kəşfiyyat qrupu mövqeyimizə daxil oldu və həmin vaxt Müşfiq Abbasov gözümün qarşısında şəhid oldu.

- Həmin dövrdə komanda yoldaşlarınızın, xüsusilə baş məşqçi Ermar Baxşıyevin sizin bu qərarınıza reaksiyası necə idi?

- Düzünü desəm o dövrdə futbol heç kimin yadına düşmürdü. Hamının fikri müharibədə, cəbhədə baş verənlərdə idi. Hamı telefondan xəbərləri izləyirdi. Füzulinin azad olunması, hansısa kəndin alınması barədə məlumatlar gəlirdi. Bütün diqqətimiz orada idi. Mən də gedib-gəlirdim. Hamı bilirdi ki, Ağdama gedirəm. Bəzən bir müddət orada qalır, sonra oyuna qayıdır, daha sonra yenidən cəbhəyə gedirdim. Belə davam edirdi.

- Çox yaxın dostun olan Müşfiq Abbasovun şəhid olduğu oktyabrın 4-dəki hadisəni necə xatırlayırsan?

- Ağdamda konkret olaraq müdafiə mövbələri qurulmuşdu. Orada əsas məqsəd müdafiəni təşkil etmək idi. Amma bu, o demək deyildi ki, təhlükə yox idi. Müharibənin içində idik. Hər an postlara hücum ola bilərdi, düşmənin kəşfiyyat qrupu mövqelərimizə yaxınlaşa bilərdi. Belə hallar da yaşanırdı. Bəzən postlara gedəndə üzərimizə top və minaatan mərmiləri yağırdı. Bir dəfə də belə hadisə oldu. Biz postdan təxminən 50-100 metr uzaqlaşmışdıq ki, atəşə tutmağa başladılar. Top və minaatanlardan atəş açırdılar. Belə anlarda insan bir daha anlayırdı ki, ölüm nə qədər yaxındır. Kimsə müharibəni kənardan təsəvvür edə bilər, amma orada vəziyyət tamam başqa idi. Düşmən bəzən görünürdü, bəzən isə heç görmürdün. Xüsusilə birinci və ikinci postlarda qarşı tərəflə aramızdakı məsafə çox az idi. Düşmənin mövqeləri təxminən 65-100 metr məsafədə yerləşirdi. Yəni onları görmək mümkün idi, aramızda çox az məsafə vardı. Orada çox hadisələr yaşadıq. Başımıza gələnləri, itirdiyimiz insanları unutmaq mümkün deyil. Oktyabrın 4-də isə yadımdan çıxmayan bir döyüş yaşandı. Biz postda oturmuşduq. Hücum olan ərazidən təxminən bir kilometr aralıda idik. İkinci postdan telefonla zəng gəldi, bölüyə kömək lazım olduğunu bildirdilər. Kömək çağırışı gələn kimi Müşfiq Abbasov, oğlu Şamil Abbasov, Sadiq, xalaoğlum Elşən və mən hərəkətə keçdik. Həmçinin səfərbərliklə gələn üç əsgəri də bizimlə idi. Köməyə gedəndə qarşımızda Müşfiq gedirdi. Onun yanında isə postları bizdən daha yaxşı tanıyan, Mingəçevirdən olan Sadiq adlı leytenant vardı. Elşən də onların arxasınca gedirdi, mən isə Elşənin arxasında idim. Şamil də arxamızca gəlirdi. İlk olaraq Sadiqi qarşımızda sinəsindən vurdular. Daha sonra Müşfiqə güllə dəydi. Güllə onun ürəyinə dəymişdi. Sadiq yaralandı, Müşfiq isə elə həmin yerdəcə, gözümüzün qarşısında dünyasını dəyişdi. Həmin döyüşdə ümumilikdə dörd-beş nəfər yaralanmışdı, iki nəfər isə şəhid olmuşdu. Düşünürəm ki, biz ora köməyə getməsəydik, yaralıların da sağ qalmaq ehtimalı çox az idi. Abdulla adlı bir əsgər vardı. Onu da biz özümüz qucağımıza götürüb həmin ərazidən çıxarmışdıq. Əgər vaxtında oradan çıxarmasaydıq, böyük ehtimalla o da şəhid olacaqdı. Çünki vəziyyəti çox ağır idi. Şükür Allaha ki, onu oradan çıxara bildik. Sonradan eşitdik ki, sağ qalıb. Allah şəhidlərimizə rəhmət eləsin, yaralılara və sağ qalanlara can sağlığı versin.

- Müharibə dövründə yaddaşınızdan silinməyən, hər an xatırladığın hansı hadisə var?

- Çox hadisələr yaşanıb. Amma mənim üçün ən ağır hadisə Müşfiqi itirməyimiz oldu. Gözlərimin önündə şəhid oldu. Allah bütün şəhidlərimizə rəhmət eləsin.

XANOĞLAN İMANOV/ SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti