"Şəfa"nı müdafiəçisi Andrey Draqu Premyer Liqanın 10-cu turunda "Sumqayıt"la bərabərliklə bitən (1:1) oyundan sonra Sportinfo az-a müsahibə verib.
– İlk növbədə, oyun barədə danışaq. Qarşılaşmanı necə dəyərləndirərdin?
– Çətin və gərgin oyun oldu. Düşünürəm ki, müəyyən anlarda yaxşı oynadıq. Təəssüf ki, istədiyimiz nəticəni əldə edə bilmədik.
– Ardıcıl üçüncü oyunda da hesabda önə keçməyinizə baxmayaraq, üstünlüyünüzü qoruya bilmədiniz. Bunun səbəbini nədə görürsən?
– Məncə, əsas məsələ konsentrasiya və oyunun idarə olunmasıdır. 90 dəqiqə ərzində diqqətli olmalı, lazımsız səhvlərdən qaçmalıyıq.
– Komanda artıq 8 oyundur qələbə qazana bilmir. Səncə, üç xal əldə etmək üçün komandaya nə çatmır?
– Bizə daha çox sabitlik, özünəinam və hücumda effektivlik lazımdır. Fürsətlər yaradırıq, amma onları xallara çevirməkdə daha yaxşı olmalıyıq.
– Növbəti rəqibiniz turnir cədvəlinin sonuncu pilləsində qərarlaşan “Araz-Naxçıvan” olacaq. Bu qarşılaşmanı qələbə qazanmaq üçün ən yaxşı şans kimi dəyərləndirmək olarmı?
– Bu liqada hər oyun çətindir. Əlbəttə, qazanmaq istəyirik və bu, bizim üçün yaxşı fürsətdir. Amma rəqibimizə hörmət etməli və oyuna tam hazır olmalıyıq.
– “Sumqayıt”la oyunda bir epizod geniş müzakirələrə səbəb oldu. Rəqib müdafiəçi əli ilə qapıçısının əlindən topu vurdu, lakin hakim penalti təyin etmədi. Bu qərarı necə qarşıladın? Ümumiyyətlə, futbolçu karyeranda belə bir epizodla rastlaşmısanmı?
– Hakim qərarları ilə bağlı detallara girmək istəmirəm. Amma mənim fikrimcə, bu, açıq-aşkar penalti idi.
– Artıq Premyer Liqada 10 tur geridə qalıb. Azərbaycan çempionatını yaxından tanımaq imkanın olub. İlkin təəssüratların necədir?
– İlk təəssüratım müsbətdir. Liqa rəqabətlidir, yaxşı komandalar və keyfiyyətli futbolçular var. Hər oyun çətin keçir və Azərbaycanda oynamaq təcrübəsindən zövq alıram.
XANOĞLAN İMANOV
