"Neftçi"nin müdafiəçisi Rüfət Abbasov Premyer Liqanın 10-cu turunda "Şamaxı"nı məğlub etdikləri (3:2) matçdan sonra Sportinfo.az-a müsahibə verib.
– Qələbə təəssüratların necədir?
– Çətin olacağını gözləyirdik. Şamaxı səfəri, meydança və hava amili matçı ağırlaşdırırdı. Süni örtüklü meydançada oynamaq, havanın ağır olması işimizi çətinləşdirirdi. Oyuna yaxşı başladıq, qolumuzu vurduq, amma sonradan qapımızda qol gördük və ilk hissə 1:1 hesabı ilə başa çatdı. Buna baxmayaraq, ikinci hissədə öz oyunumuzu davam etdirdik və vacib qələbə qazandıq.
– “Sabah”ın uduzması, “Qarabağ”ın xal itirməsi sizi bu oyuna əlavə motivasiya edirdi?
– Əlbəttə, bizim üçün çox yaxşı şans idi. “Sabah” uduzmuş, “Qarabağ” isə xal itirmişdi. Bundan istifadə edərək liderliyə yüksəlmək istəyirdik. Şükürlər olsun ki, istəyimizə çatdıq.
– Artıq vahid lidersiniz. Sonda çempion olmaq gücünü özünüzdə hiss edirsinizmi?
– Artıq vahid liderik. Bildiyiniz kimi, bu il “Neftçi”nin 90 illiyidir. Qarşımıza çempion olmaq hədəfi qoymuşuq. İnanıram ki, bu istəyimizə çatacağıq.
– Komanda hücumda çox məhsuldardır, amma müdafiədə o qədər də etibarlı deyil. Çox qol buraxmaq nə ilə bağlıdır?
– Bu, çox hücum etməyimizlə bağlıdır. Bildiyiniz kimi, hücumlara 6-7 futbolçu ilə qoşuluruq. Bu da müdafiədə müəyyən boşluqların yaranmasına səbəb ola bilər. Amma məşqlərdə bunun üzərində işləyirik. İnşallah, bundan sonra da əlimizdən gələni edəcəyik ki, daha az qol buraxaq, daha çox qol vuraq.
XANOĞLAN İMANOV
