«Səbail»də vəziyyət hər keçən gün bir qədər də pisləşməkdədir.
Klubun yeni rəhbərliyi hər gün bir yalan danışaraq, hamının başının altına yastıq qoyur.
Başda prezident Mirzə Bayrampur olmaqla, üzərlərinə götüdükləri öhdəlikləri yerinə yetirmirlər. O, 2 aydan artıqdır maaş gözləyən legionerləri barmağına dolayıb.
Yalan danışmağı özünə peşə seçən M.Bayrampur ondan məvaciblərini tələb edən əcnəbiləri 200 manatla «yola verib».
Hərəsinə bu qədər pul paylayan prezident maliyyə probemini qısa müddətdə aradan qaldıracağını vəd eləsə də, yenə sözünün üstündə dayanmayıb.
Klubun Bakıda «Milyonçular məhəlləsi» kimi tanınan Teymur Əliyev küçəsində icarəyə götürdüyü ofis də bağlanıb.
Bundan öncə isə məkandan bahalı komputerlərdən biri necəsə yoxa çıxıb. Amma ofisin qapısına qıfıl vurulmasının həmin hadisəylə bağlantısı yoxdur.
Mirzə Bayrampur icarədar kimi öz üzərinə düşən işi görməyib - icarə pulunu yerin sahibinə ödəməyib.
Bir neçə ay öncə prezident olaraq «dənizçilər»in başına keçən və gurultulu bəyanatlar verən bu zat sözünün üstündə dayanmır. O, 2 aydan artıq ödəniş etmədiyindən, ora əməkdaşların üzünə bağlanıb.
I Liqanın ilk 7 turunda qeyri-sabit çıxış eləyən və turnir cədvəlində beşinci pilləyə qədər geriləyən komandanın rəhbərliyi üzərinə götürdüyü öhdəliyi yerinə yetirmir.
Siyahı onlarla məhdudlaşmır. Həmçinin akademiyada çalışanlar da xeyli müddətdir məvacib üzünə həsrətdir.
Qubaya köçmək istəyini aylar öncə elan edən «Səbail» 7 tur ərzində 12 xal toplayıb. Lider «Şahdağ»dan 6 xal geri qalırlar.
Hər şey bir kənara, görəsən, kluba sponsorluq edən şəxs(lər)in bütün bunlardan xəbəri varmı? O(nlar) bir dəfə Mirzə Bayrampuru yanına çağıraraq, «işlər niyə belə gedir» sualı verir(lər)mi? Yoxsa doğrudan da «Səbail»ə maliyyə dəstəyini dayandırıb(lar)?
Əsl həqiqət hansıdır - gəl, indi baş aç görüm də! Klubun İdarə Heyətində yer alan şəxslərdən biri də çıxıb mediaya açıqlama vermir.
Demir ki, problemin kökü nədədir, Premyer Liqaya birbaşa vəsiqə iddiasıyla yola çıxan «Səbail» niyə belə tez böhrana yaxalandı.
Bu səpgili, bilirsiz, nə qədər sual var? Sapa düzsən, Bakıdan ta Qubaya qədər uzanar!
Təəssüf, 3 ay öncə təqdimat mərasimində boy sırasına düzülən və boy-boy danışan şəxslərin bircəcəyi də indi ortalıqda görünmür. Yalnız ortalıqda yeyib, qıraqda gəzməyi bilirlər, deyəsən.
Hanı SOCAR-dakı o «baba»? Olmaya, Mirzə Bayrampurun kölgəsində gizlənmək ona xoşdur?
SPORTİNFO.AZ
