Azərbaycan millisi Millətlər Liqasının qrup mərhələsində sonuncu oyununu səfərdə keçirdi.
Ayxan Abbasovun rəhbərlik etdiyi komanda Lixtenşteynin qonağı oldu.
Turnirdə bundan əvvəl üç qarşılaşma keçirmişdik. Səfərdə Litva ilə 1:1 hesablı heç-heçə edib, Bakıda həmin rəqib üzərində 1:0 hesablı qələbə qazanmışdıq. Lixtenşteynlə ilk görüşdə isə qolsuz heç-heçə qeydə alınmışdı.
Bu nəticələrdən sonra Azərbaycan 5 xalla 2 qrupda lider idi. Litvanın 4, Lixtenşteynin isə 1 xalı vardı. Məğlub olmadığımız halda, qrupdakı mövqeyimizi qoruyacaqdıq.
Lixtenşteyndəki qarşılaşmanın başlanğıcından təşəbbüsü ələ aldıq. Lixtenşteyn ilk dəqiqələrdə ciddi təzyiqlə üzləşdi. 8-ci dəqiqədə Toral Bayramovun zərbəsi dirəyə dəydi. Bundan əvvəl də Benjamin Büchel təhlükəli hücumların qarşısını alaraq komandasını oyunda saxlamışdı.
21-ci dəqiqədə Rahil Məmmədovun vurduğu qol əllə oyun səbəbindən VAR müdaxiləsindən sonra ləğv edildi. Beş dəqiqə sonra isə standart vəziyyətdən yaranan epizodda Mahir Emreli fərqləndi. Lixtenşteyn müdafiəsi topu cərimə meydançasından uzaqlaşdıra bilmədi və Emreli yaxın məsafədən hesabı açdı.
Qarşılaşmanın ən maraqlı məqamlarından biri ikinci hissədə müşahidə olundu. Lixtenşteyn yalnız müdafiə olunmaqla kifayətlənmədi. Topu qazandıqdan sonra qısa ötürmələrlə hücuma çıxmağa, Azərbaycan millisinin təzyiqini keçməyə çalışdılar.
53-cü dəqiqədə bir neçə ötürmədən ibarət hücum kombinasiyası ilə cərimə meydançasına qədər irəlilədilər. 55-ci dəqiqədə Alessandro Lo Russonun zərbəsi qapının yanından keçdi. Bu epizodlar göstərdi ki, Lixtenşteynin əsas məqsədi yalnız müdafiə xəttində dayanmaq deyil, topa sahib olduqda da oyun qurmaq idi.
Baş məşqçi Konrad Fünfstück qarşılaşmadan sonra komandasının topu düşünmədən uzaqlaşdırmadığını, boş mövqelərdə oyunçu axtararaq təzyiqdən çıxmağa çalışdığını vurğuladı. O, xüsusilə gənc futbolçuların daha təcrübəli rəqiblərə qarşı göstərdiyi mübarizəni müsbət qiymətləndirdi.
Azərbaycan topa sahibolmada 65 faizə qarşı 35 faiz üstünlük əldə edib. Ümumi zərbələrin sayı 29-a qarşı 5, qapıya dəqiq zərbələrin sayı 11-ə qarşı 0 olub. Künc zərbələrində 9:1, rəqibin cərimə meydançasında toxunuşlarda isə 38:8 hesabı qeydə alınıb.
Bu rəqəmlər Azərbaycanın oyuna nəzarət etdiyini təsdiqləsə də, hücumların tamamlanması ilə bağlı suallar yaradır. Xüsusilə 29 zərbə və 11 dəqiq zərbənin yalnız bir qolla nəticələnməsi hücum effektivliyinin ayrıca təhlil edilməsini tələb edir.
SPORTİNFO.AZ
