"İndiki vəziyyətdə milli fasilə heç yerinə düşmədi"

17:00 Müsahibə 92
"İndiki vəziyyətdə milli fasilə heç yerinə düşmədi"

"Şəfa"nın müdafiəçisi Nihad Quliyev Premyer Liqanın 11-ci turunda "Araz-Naxçıvan"la heç-heçə bitən (2:2) qarşılaşmadan sonra Sportinfo.az-a müsahibə verib.

- Yenə qələbə qazanmaq mümkün olmadı...

- Düşünürəm ki, çox səviyyəli və yaxşı oyun keçdi. Qələbə də qazana bilərdik, məğlub da ola bilərdik. Amma mənim fikrimcə, qələbəyə daha yaxın tərəf biz idik. Təəssüf ki, istəyimizə çatmadıq. Buna görə çox heyfsilənirik.

- Komanda artıq dörd oyundur hesabda önə keçsə də, üstünlüyünü qoruya bilmir. Səbəb nədir?

- Ola bilər ki, təcrübəmiz çatmır. Bəlkə də yaratdığımız qol epizodlarından maksimum yararlana bilmirik. Hər oyunda dörd-beş yüzfaizlik qol imkanı əldə edirik, amma hamısını dəyərləndirə bilmirik. "Şamaxı" ilə oyunda boş qapıya qol vura bilmədik, hesab 2:1 oldu. Sonra yenə boş qapı qarşısında fürsəti qaçırdıq, rəqib hesabı 2:2 etdi və sonda qələbəni əldən verdik. "Kəpəz" ilə qarşılaşmada da qol epizodlarımız oldu, amma yararlana bilmədik və qapımızda qol gördük. "Sumqayıt"la oyunda da, bu görüşdə də oxşar hallar yaşandı. Rəqiblərimiz də həqiqətən səviyyəli komandalardır. Heyətlərində Avropa Liqasında və digər Avropa turnirlərində çıxış etmiş futbolçular var.

- Yaranmış vəziyyət psixoloji cəhətdən sizə pis təsir edə bilər. Hər ötən tur toparlanmaq çətin görünmür?

- Təbii ki, təzyiq yaradır. Biz isə qələbəyə çox ehtiyac duyuruq. Bu vəziyyətdən çıxmaq və daha uğurlu davam etmək istəyirik. Amma hər dəfə nəsə baş verir və qələbə əldən gedir. Düzələcəyinə ümid edirik.

- Qarşıda milli fasilə var. Bu fasilə komandanın xeyrinə olacaq, yoxsa hazırda yaxşı formada olduğunuz üçün mənfi təsir göstərə bilər?

- Açığı, məncə, bu fasilə bizim üçün yaxşı olmadı. Çünki həqiqətən yaxşı irəliləyirdik, oyun forması yığmışdıq. İndi 13-14 günlük fasilə yaranacaq. Bu, bizim üçün arzuolunan deyil. Amma daha yaxşı işləyəcəyik, yaxşı istirahət edib daha güclü qayıdacağıq. İnanıram ki, qarşıdakı oyunlarda maksimum nəticə əldə edəcəyik.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti