Azərbaycan millisi 2028-ci ildə keçiriləcək Avropa çempionatının seçmə mərhələsinin dekabrın 6-da Belfastda təşkil olunacaq püşkatmasında beş komandadan ibarət qrupa düşəcək.
Sportinfo.az xəbər verir ki, bu, UEFA-nın seçmə mərhələnin reqlamentindən və komandaların səbətlər üzrə bölgüsündən irəli gəlir.
Seçmə mərhələdə 54 ölkə iştirak edəcək. Onlar 12 qrupa bölünəcəklər.
Qrupların altısı dörd, digər altısı isə beş komandadan ibarət olacaq. İlk dörd səbətdə 12, beşinci səbətdə isə cəmi altı kollektiv yer alacaq.
Azərbaycan Malta, Litva, Cəbəllütariq, Andorra və Lixtenşteynlə birlikdə məhz beşinci səbətdə qərarlaşacaq. Bu komandaların hamısı UEFA Millətlər Liqasının D divizionunda çıxış edir.
Püşkatma zamanı ilk dörd səbətdəki komandalar qruplara bölüşdürüldükdən sonra beşinci səbətdəki altı kollektiv yalnız beş komandadan ibarət qruplara yerləşdiriləcək.
Beləliklə, Azərbaycan AVRO-2028-in seçmə mərhələsində dördü evdə, dördü səfərdə olmaqla, ümumilikdə səkkiz oyun keçirəcək.
Millətlər Liqasında qalan görüşlərin nəticələri də yığmamızın püşkatma zamanı yer alacağı səbətə təsir göstərməyəcək.
