Premyer Liqada milli komandaların oyunları ilə əlaqədar yaranan iki həftəlik fasilə davam edir.
Fasilə müddətində klublarımız iki cəbhəyə bölünüb.
Bəziləri yoxlama görüşlərinə ehtiyac görməyərək yalnız məşqlərlə kifayətlənsə də, sınaq matçlarını vacib hesab edənlər də olub.
Bunlardan biri də “Sumqayıt”dır.
“Kimyaçılar” bu gün Birinci Liqa təmsilçisi MOİK-lə üz-üzə gəlib.
Qarşılaşma Sumqayıtda yerləşən “SOCAR Polymer Arena”da keçirilib.
Portuqaliyalı mütəxəssis Filipe Kandido aşağı liqa təmsilçisi ilə görüşdə daha çox ehtiyatda qalan və zədədən yeni qayıdan futbolçulara, eləcə də əsas heyət üzvlərinə şans verib.
Bunlardan başqa əvəzedici heyətdə çıxış edən Badolonun qardaşı Akim Badolo, "Kəpəz", "Qəbələ" kimi Premyer Liqa klublarından və gənclər millimizdən bizə tanış olan Rüfət Əhmədov da ikinci hissədə meydanda olub.
Qarşılaşma “Sumqayıt”ın 2:1 hesablı qələbəsi ilə başa çatıb.
“Kimyaçılar”ın heyətində Ronaldo Vaskes və Roy Kehat fərqləniblər. İsrailli futbolçu uzunmüddətli zədədən sonra ilk qolunu məhz bu sınaq matçında vurub.
MOİK-in yeganə qolunun müəllifi isə “Sumqayıt” azarkeşlərinə yaxşı tanış olan Kamran Quliyev olub.
XANOĞLAN/ SPORTİNFO.AZ
