Azərbaycan millisi çətin Lixtenşteyn səfərindən möhtəşəm qələbə ilə döndü.
Noyabrın 13-dən 14-nə keçən gecə Azərbaycan futbolu tarixinə qızıl hərflərlə yazıldı.
İndiyə qədər üç dəfə qarşılaşdığımız və cəmi bir dəfə məğlub edə bildiyimiz Lixtenşteyni bu dəfə çətinliklə olsa da, yenməyi bacardıq. 27 il əvvəl millimizin uduzduğu bu rəqibə Mahirli, Torallı, Emilli, Rahilli yığma komanda yerini göstərdi.
Hələ oyundan əvvəl rəqibin heyətindəki futbolçuların adlarına nəzər salanda Azərbaycan millisi ilə Lixtenşteyn arasında yerlə göy qədər fərq olduğunu görmək mümkün idi.
Bizimkilərin əksəriyyəti heç kimin tanımadığı Azərbaycan çempionatında çıxış etdiyi, ən yaxşılarımızın Türkiyə, Polşa, Çin kimi ölkələrdə futbol oynadığı halda, lixtenşteynli futbolçular Avropanın nüfuzlu çempionatlarında top qovur, dünyanın tanınmış klublarında forma geyinir, transfer qiymətləri on milyonlarla dəyərləndirilir.
Belə bir rəqibi, özü də səfərdə, yerli azarkeşlərin gözlərinin qarşısında məğlub etmək hər komandaya nəsib olmur.
Sevindirici haldır ki, Azərbaycan millisi 90 dəqiqə ərzində rəqibinə göz açmağa imkan vermədi. Taktika, düzlüşü, fiziki və psixoloji hazırlıq, ustalıq dərəcəsi, hücum qurub müdafiə olunmaq bacarığı – hər şey ən yüksək səviyyədə idi komandamızda.
Meydan sahiblərinin qapısına az qala 30 zərbə endirən komandamız təəssüf ki, rəqibin bəxti və bir qədər də şanssızlıq üzündən bu cəhdlərin yalnız birini qolla tamamlaya bildi. Bəzi epizodlarda lixtenşteynli qapıçı üstünə vurulan zərbələri dəf etməklə xilaskar rolunu məharətlə oynadı.
Əlbəttə, bu, Azərbaycan futbolu adına şanlı zəfər, böyük tarixdir. Tarixə qızıl hərflərlə yazılacaq qələbədir! Azərbaycan futboluna məhz bu cür qələbələr yaraşır!
Azərbaycan futbolunda pul yoxdur. Futbolçular qəpik-quruşa oynayır. Məşq etmək, futbol oynamaq üçün düz-əməlli stadion tapılmır. Uşaq futbolu bərbad gündədir. Müxtəlif yaş qrupları üzrə milli komanda Avropada qapazaltı statusunu üzərinə yapışdırıb. Klublarımız avrokubokların qrup və ya liqa mərhələlərinə vəsiqə qazana bilmir.
Hə, bir də dönüb Lixtenşteynə və onun futboluna baxın. Milli komandaları Avropada rəqib tanımır. Ölkədə az qala hər ay yeni stadion inşa olunur. Bəzi klublar Lixtenşteynin müstəqil liqasının olmamasına etiraz əlaməti kimi İsveçrənin aşağı liqalarında mübarizə aparır. Klubları avrokuboklarda rəqiblərin canına qorxu salır. Ölkənin flaqmanı “Vaduts” Çempionlar Liqasının, “Balzers” Avropa Liqasının liqa mərhələsində iştirak edir.
Təəssüf ki, sosial şəbəkələrdə Azərbaycan millisinin bu cür şanlı zəfərini gözü götürməyən, qələbəmizi həzm edə bilməyən insanlar da tapılır. Bəziləri Lixtenşteyn üzərində qazanılan qələbəni sıradan hadisə kimi təqdim etməyə çalışır.
Görünür, həmin şəxslər Lixtenşteyn futbolunun gücündən, Avropa və dünya futbolunda qazandığı nəticələrdən, bu ölkənin futbolçularının hansı nüfuzlu klublarda çıxış etməsindən xəbərsizdir.
Dəyərli və bacarıqlı milli üzvləri, siz belə insanlara fikir verməyin. Yolunuza bu cür də davam edin. Çünki siz əsl qəhrəmanlarsınız! Siz Azərbaycan futbolunun gələcəyi, xalqımıza sevinc bəxş edən insanlarsınız! Qoy bəziləri bu tarixi qələbənin əhəmiyyətini kiçiltməyə çalışsın.
Əsas odur ki, siz meydanda öz sözünüzü demisiniz!
Belə zəfərlər hər bir futbolçuya, hər bir məşqçiyə sevinc bəxş edir. Elə buna görə də oyundan sonra qələbəni azarkeşlərlə birlikdə təmtəraqla qeyd etdilər. Ardınca illər keçsə də, nəsillərin unutmayacağı bu tarixi anı xatirə şəkli olaraq əbədiləşdirdilər.
Var ol, milli komanda! Çox sağ ol, milli komanda!
Azərbaycana belə zəfərlər yaraşır!
Əminəm ki, qarşıdakı illərdə Andorra, San Marino, Malta, Farer adaları kimi futbol nəhənglərini də məğlub edərək Azərbaycan futbol ictimaiyyətini bu cür möhtəşəm qələbələrlə sevindirəcəksiniz.
Necə deyərlər, utanmasan oynamağa nə var ki?!
HƏBİB / SPORTİNFO.AZ
