İkinci Liqa təmsilçisi "Qaradağ Lökbatan" Azərbaycan kubokunun ikinci təsnifat mərhələsində layiqli mübarizəsi ilə diqqətləri üzərinə çəkə bildi.
Yarım peşəkar liqanın iştirakçısı Premyer Liqada çıxış edən "İmişli"yə əməlli-başlı baş ağrısı oldu.
Komanda 73 dəqiqə hesabda 1:0 öndə oldu. 86-cı dəqiqəyə qədər matç 1:1 bərabərliklə getdi. "Qaradağ Lökbatan" yalnız sona 5 dəqiqə qalmış buraxdığı qollarla mübarizəni dayandırdı - 1:4.
Görüşdən sonra Qaradağ klubunun baş məşqçisi Amit Quluzadə Sportinfo.az-a müsahibə verib.
- İlk növbədə, ölkə kubokunda “İmişli”yə qarşı keçirdiyiniz oyun barədə fikirlərinizi bilmək istərdik. Komandanız Premyer Liqa təmsilçisinə qarşı layiqli mübarizə apardı və 70 dəqiqə hesabda öndə oldu. Buna baxmayaraq, qarşılaşma 1:4 hesablı məğlubiyyətlə başa çatdı. Sizcə, oyunun taleyini nə müəyyənləşdirdi?
- Oyuna çox yaxşı hazırlaşmışdıq. Rəqibin son iki oyununu təhlil etmişdik, həm müdafiədə, həm də hücumda necə oynayacağımızı müəyyənləşdirmişdik. Komanda planlaşdırdığımız oyunu göstərirdi. Bəzən heç hiss olunmurdu ki, meydanda Premyer Liqa təmsilçisi ilə İkinci Liqa komandası qarşılaşır. Söhbət yalnız müdafiə olunmaqdan getmirdi, hücumda da təhlükəli epizodlarımız olurdu. Təəssüf ki, 73-cü dəqiqədə fərdi səhvdən qol buraxdıq. İkinci qol da eyni səbəbdən gəldi. Bundan sonra müəyyən dəyişikliklər etdik, gənc futbolçularımıza şans verdik. Onların bəzilərinin hətta Birinci Divizionda belə təcrübəsi yoxdur. İstədim ki, belə bir oyunda meydana çıxsınlar və bu qarşılaşma onlar üçün xoş xatirəyə çevrilsin. Hesabın 1:4 olmasının səbəblərindən biri də bu idi. Amma ümumilikdə komandamın oyunundan və futbolçuların əzmkarlığından çox razı qaldım. Mövcud imkanlarımızı nəzərə alsaq, belə səviyyəli rəqibə qarşı bu cür mübarizə aparmağımız məni sevindirdi.
– “Qaradağ Lökbatan”ın Premyer Liqa klubuna qarşı göstərdiyi oyun diqqət çəkdi. İkinci Liqa təmsilçisi olaraq belə rəqibə qarşı mübarizə aparmaq futbolçularınıza nə qazandırdı?
– Oyundan əvvəl futbolçularla keçirdiyimiz toplantılarda onlara bildirmişdim ki, heyətimizdəki oyunçuların əksəriyyəti 21-24 yaş arasındadır və perspektivlidirlər. Məncə, onların Premyer Liqa komandalarının futbolçularından elə də böyük fərqi yoxdur. Sadəcə, çalışırdım ki, öz güclərinə inansınlar və Azərbaycanın ən yüksək səviyyəsində çıxış edən komandaya qarşı da yaxşı oynaya biləcəklərini anlasınlar. Bəzi futbolçularımızın Premyer Liqada oynamaq potensialına malik olduğunu düşünürəm. Onlar da meydanda bunu göstərdilər və mənə olan inamımı doğrultdular. Futbolçularımın məhz düşündüyüm səviyyədə olduğunu gördüm. Bunu həm oyundan əvvəl, həm də qarşılaşmadan sonra onlara demişəm.
– Hesabda üstün olduğunuz müddətdə komandanızın oyununda hansı məqamlar sizi daha çox razı saldı? Buraxılan qolların qarşısını almaq mümkün idimi?
– Sözün açığı, rəqibi təəccübləndirə bildiyimizi düşünürəm. Yəqin ki, onlar belə oyun gözləmirdilər. Qarşılaşmadan sonra oyunun videoyazısına da baxdım. Rəqibə hücum qurmaq üçün çox zona vermirdik. İkinci hissədə müdafiədən qısa ötürmələrlə çıxmaq əvəzinə, daha çox uzun toplarla hücumçularını tapmağa çalışırdılar.
Belə oyunlarda hesabı qorumaq və nəticə əldə etmək üçün təcrübə tələb edən xırda detallar var. Bizə həmin məqamlarda təcrübə çatmadı. Əgər qolu buraxmasaydıq, hər şey tamamilə fərqli ola bilərdi. Təəssüf ki, belə alındı. Amma əsas odur ki, yaxşı mübarizə apardıq və lazımi mesajı verə bildik.
– Hazırda “Qaradağ Lökbatan” İkinci Liqanın lideridir və çempionluq uğrunda mübarizə aparır. Mövsümün sonunda bu hədəfə çatacağınıza inanırsınızmı?
– Hazırda turnir cədvəlinin lideriyik, amma rəqiblərimiz də bizə yaxındır. Növbəti turda əsas rəqiblərimizdən biri olan “Marafon”la qarşılaşacağıq. Bizim üçün əsas məqsəd bacardığımız qədər yaxşı oynamaq və müsbət nəticələr qazanmaqdır. Bunun üçün mübarizə aparırıq. İnanıram ki, mövsümün sonunda istədiyimiz hədəflərə çata bilərik.
– Çempionluq hədəfi ilə bağlı rəhbərliklə aranızda hansısa razılaşma və ya konkret plan varmı?
– Çempionluqla bağlı rəhbərliklə aramızda hər hansı söhbət olmayıb. İndidən belə planlar qurmaq məncə tezdir. Cəmi doqquz tur geridə qalıb, qarşıda isə 20-dən çox oyun var. Ona görə də konkret planlar barədə danışmaq hələ tezdir. Fikrimcə, mövsümün həlledici mərhələsinə yaxın turnir cədvəlində hansı mövqedə olduğumuzu görmək və bundan sonra gələcəklə bağlı qərarlar vermək daha məqsədəuyğundur.
– Komandanın hazırkı heyətinin potensialı sizi nə dərəcədə qane edir? Daha yaxşı mübarizə aparmaq üçün heyətdə güclənməyə ehtiyac varmı?
– Komandanın potensialı yaxşıdır və futbolçularımdan razıyam. Sadəcə, heyətin genişliyi ilə bağlı müəyyən problemlərimiz var. İki qapıçı ilə birlikdə cəmi 16-17 futbolçumuz var. Bu da rotasiya zamanı çətinlik yaradır. Bəzən dəyişikliklər etmək istəyirsən, amma seçim imkanların məhdud olur. Bununla belə, ümumilikdə futbolçularımızın keyfiyyəti və peşəkarlığı məni qane edir.
– Baş məşqçi kimi şəxsi hədəfləriniz nədən ibarətdir? “Qaradağ Lökbatan”la çempionluğa nail olmaq karyeranızda növbəti addım baxımından nə ifadə edər?
– Şəxsi hədəflərim böyükdür. Amma istəyirəm ki, addım-addım irəliləyim və məqsədlərimə doğru düzgün qərarlar verərək çatım. Hazırda mənim üçün ən vacib məsələlərdən biri də məhz doğru qərarlar verməkdir. “Qaradağ Lökbatan”a gəlməyimi də belə qərarlardan biri hesab edirəm. Yaxşı ki, belə komandaya, belə rəhbərliyi olan kluba gəlmişəm. Ümid edirəm ki, mövsümün sonunda həm komanda, həm də mən istədiyimiz yerdə olarıq.
XANOĞLAN İMANOV
