Narazılıq böyüyür: "Dərdimizi kimə deyəcəyimizi, nə edəcəyimizi bilmirik"

17:45 Premyerliqa 83
Narazılıq böyüyür: "Dərdimizi kimə deyəcəyimizi, nə edəcəyimizi bilmirik"

"Şəfa" son dəfə "Araz-Naxçıvan"la görüşdə hesabda önə çıxsa da qələbə qazana bilmədi.

Ardıcıl 4-cü oyundu eyni hal yaşanır.

Debütantın başına gələnlərdə futbolçuların qol imkanlarını sağa-sola xərclənməsinin, şanssızlığın rolu var.

Həm də hakimlərin verdiyi qərarlar kluba az ziyan vermir. "Kəpəz"lə matçda "Şəfa"nın qapısına verilən penal səhv idi. Bunu Hakimlər Komitəsinin sədri Rəhim Həsənov da təsdiqlədi.

"Sumqayıt"la oyunda rəqib qapısına penal verilmədi. Bu halda İsa Süliman meydandan qovulmalı idi.

Son oyunda da "Araz-Naxçıvan"ın qapısına penal verilmədi. Əbəs deyil ki, "Araz-Naxçıvan"la görüşdən sonra baş məşqçi Zaur Həşimov da referilərdən açıq şikayət etdi.

Sportinfo.az-a açıqlama verən "Şəfa"nın müdafiəçisi Nihad Quliyev də hakimlərlə bağlı sərt danışıb:

"Nə qədər qol epizoduna çıxırsan, görürsən ki, aşkar penalti var. Amma yenə də baxmırlar, dəyərləndirmirlər. Musa Quel "Araz-Naxçıvan"a qol vurur, hakim oyunu davam etdirmir ki, sonradan VAR-a baxılsın və penalti olub-olmadığı müəyyənləşdirilsin.

İnanın, artıq nə edəcəyimizi bilmirik. Bu vəziyyətdən çıxmaq üçün daha nə etməliyik ki, qələbə qazanaq?

"Araz Naxçıvan"la görüşdə təmiz penalımız verilmədi. Əliyar Ağayev də epizodu görmədi, çünki çətin mövqedə idi. VAR-dan ona siqnal gəlməli idi.

Amma oradan da heç bir reaksiya olmadı. Biz də təəccüblənirik. Meydanda epizoda baxırıq, əllə təmas olduğunu görürük. VAR-da əyləşən hakimlər isə deyirlər ki, əllə təmas yoxdur. Deməli, biz səhv görürük. Neçə oyundur buna bənzər hallar yaşanır. Vallah, artıq dərdimizi kimə deyəcəyimizi, nə edəcəyimizi bilmirik".

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti
14 Noyabr 12:40 Vur, Mahir, vur! - VİDEO