Azərbaycanın çimərlik futbolu üzrə milli komandasının və II Liqada mübarizə aparan “Marafon”un müdafiəçisi Elşad Manafovun futboldan başqa daha bir istedadı var.
34 yaşlı futbolçu həm də yaxşı saç ustasıdır.
Manafovun alman dilini öyrənməsi ilə bağlı sosial şəbəkədə paylaşılan videoda özü bu barədə danışıb.
O, bərbərlik kurslarına getdiyini, hətta bir müddət bu sahədə çalışdığını etiraf edib. Hazırda isə bütün diqqətini futbola yönəldib.
Azərbaycanlı futbolçunun yaşıl meydanlardan kənarda başqa bir peşəyə yiyələnməsi təqdirəlayiq haldır. Təəssüf ki, bunu heç də hamı bacarmır. Əksəriyyət bütün ümidini futbola bağlayır, karyerasını başa vurduqdan sonra isə dolanışıq üçün yenidən bu sahədə iş axtarmağa məcbur qalır.
Görünən odur ki, Elşad karyerasını başa vurduqdan sonra da çətinlik çəkməyəcək. Çünki indidən özü üçün alternativ peşə qazanıb, gələcəyinə sərmayə qoyub. Üstəlik, alman dilini öyrənib.
Stajlı futbol azarkeşləri Elşad Manafovu yaxşı xatırlayır. “Bakı” Futbol Akademiyasının yetirməsi olan futbolçu Premyer Liqada ilk addımlarını “zolaqlılar”ın heyətində atıb. Daha sonra “Turan Tovuz”, “Sumqayıt”, AZAL, “Sabah” və “Qaradağ Lökbatan” kimi komandaların formasını geyinib.
2022-ci ildə “Cəbrayıl”ın heyətində Region Liqasının qalibi olan Manafov gənc yaşlarında Azərbaycanın U-17 millisində də çıxış edib. Hazırda isə çimərlik futbolu üzrə milli komandamızın şərəfini qoruyur.
Maraq üçün bildirək ki, bir neçə il əvvəl U-21 millimizin sabiq üzvü Pərvin Paşayev də Azərbaycanda bərbər kimi fəaliyyət göstərdikdən sonra Polşaya yollanıb. Hazırda panlar ölkəsində məhz bu sənətlə dolanışığını təmin etməkdədir.
Futbolçu olmaq yaxşıdır, amma futbolçuluqdan sonrakı həyatı da düşünmək lazımdır.
Elşad Manafovun timsalında bu, digər oyunçularımız üçün də yaxşı nümunədir.
HƏBİB / SPORTİNFO.AZ
