“Mingəçevir”də bıçaq sümüyə dirənib.
Aylardır maaş üzünə həsrət qalan komanda üzvləri məşqə çıxmır. Hətta ötən həftə 7-ci turda “Şahdağ Qusar”la keçirilməli olan qarşılaşma da məhz boykot səbəbindən baş tutmamışdı.
Azarkeşlərin iddiasına görə, futbolçuların meydana çıxmaqdan imtina etməsində baş məşqçi Elman Sultanovun rolu olub. Bildirilir ki, təcrübəli mütəxəssis oyunçulara rəhbərliyin maaş öhdəliklərini yerinə yetirmədiyi halda meydana çıxmamağı tövsiyə edib.
Üstəlik, bir qrup azarkeş futbolçuları mövcud vəziyyətdə belə, meydana çıxmalı olduqlarını iddia edirlər.
Söylənilənlərlə bağlı baş məşqçi Elman Sultanovun münasibətini öyrəndik.
52 yaşlı mütəxəssis Sportinfo.az-a açıqlamasında yaşananlara aydınlıq gətirdi:
“Hər şeydən əvvəl onu deyim ki, mən baş məşqçi olaraq “Şahdağ Qusar”la matçdan hələ bir həftə əvvəl düşərgəni tərk etmişdim və bu barədə rəhbərliyə xəbərdarlıq etmişdim. Çünki pulsuz işləməkdən yorulmuşdum.
Bəli, indiyə qədər işlədiyim bir çox yerlərdə maaş gecikmələri olub - 5 gün, 10 gün, 15 gün. Bunu müəyyən qədər anlamaq mümkündür.
Amma söhbət 2-3 aylıq maaş gecikməsindən gedirsə, buna dözmək çətindir. Həqiqətən dözülməz vəziyyət yaranmışdı.
Mənim də özümə görə xərclərim, ailəmin dolanışığı var. Bu şəraitdə işləmək mənə uyğun deyildi. Çantamı yığıb Bakıya, evimə qayıtdım.
Bu barədə özlərinə də məlumat vermişəm. Maaş verərlər, qayıdıb işimi davam etdirərəm. Əks təqdirdə lazım olan addımları atacağam.
O ki qaldı futbolçulara nəsə deməyimə, hamısı yetkin insanlardır, öz qərarlarını verən kişilərdir. Kiminsə sözü ilə oturub-durmağa ehtiyacları yoxdur.
Futbolçudur, o da maaş almır, pul görmür. Belə olan halda oyunu boykot etmək qərarına gəliblər.
Hətta “Şahdağ Qusar”la oyuna çıxmayacaqlarını deyəndə, bildirdim ki, özünüz bilərsiniz, mən orada olmayacağam.
Çünki bura qədər hər dəfə futbolçuları “yaxşı olacaq” deyib inandırmağa çalışırdım. Gördüm ki, uşaqlara yalan danışıram, özümü pis vəziyyətə salıram.
Mən özümə cavabdehəm, özümə uyğun addım atmışam. Bundan sonra necə olacağı, komandanın bir həftədən sonra ‘Baku Sportinq’lə oyuna çıxıb-çıxmayacağı barədə heç nə deyə bilmirəm. Görünən odur ki, hələ də maaşlar verilməyib”.
“Mingəçevir” noyabrın 19-da I Liqanın 8-ci turu çərçivəsində doğma meydanda “Baku Sportinq”i qəbul etməlidir.
HƏBİB
