"Kəpəz"in sabiq kapitanı, hazırda karyerasını Qazaxıstan təmsilçisi "Atrau"da davam etdirən Yeqor Xvalko Sportinfo.az-a müsahibə verib.
- Qazaxıstanda işlərin necə gedir? Karyeranı necə dəyərləndirirsən?
- Mövsümü qarşımıza qoyulan vəzifəni yerinə yetirərək başa vurduq. Asan mövsüm olmadı. Mövsüm ərzində üç məşqçi dəyişdi. Nəticə baxımından daha yaxşı çıxış edə bilərdik. Mövsümün ortalarında komandada müəyyən eniş yaşandı. Çünki bir neçə vacib futbolçu komandadan ayrıldı, yeni gələn oyunçuların isə uyğunlaşması üçün zamana ehtiyac var idi.
- Azərbaycan üçün darıxırsan?
- Əlbəttə, oradakı karyeram çox gözəl bir dövr idi. Çətin anlar da az olmadı, amma buna baxmayaraq, yaddaşımda yalnız müsbət məqamlar qalıb.
- "Kəpəz"in çıxışını izləyirsən?
- Bəli, imkan olduqca oyunları izləyirəm.
- Sabiq komanda bu mövsüm əla nəticələr göstərir. "Kəpəz"in belə çıxışı səni təəccübləndirir?
- Açığı, bu qədərini gözləmirdim. Mövsümə yaxşı başlayıblar.
- Hazırda bütün ölkə "Kəpəz"in yeni stadionunda azarkeşlərin göstərdiyi möhtəşəm dəstəkdən danışır. Gəncəli fanatlar haqqında nə deyə bilərsən?
- Komanda üç mövsüm doğma stadionunda oynamamışdı. İndi isə azarkeşlərlə dolan möhtəşəm bir stadion var. Hətta oyunları televiziyadan izləyərkən belə həmin atmosferi hiss edirəm.
- Qazaxıstanda olduğun müddətdə Azərbaycandan təkliflər almısan?
- Xeyr, heç kim maraq göstərməyib.
- Azərbaycanda həm jurnalistlər, həm də azarkeşlər arasında yaxşı hörmətə sahibsən. Bir gün geri qayıdaraq yenidən gəncəli azarkeşlərin önündə oynamağı düşünürsən?
- Çox sağ ol, bunu eşitmək mənə xoşdur. Hamımız eyni işlə məşğuluq. Belə bir istəyim var. Amma daha əvvəl də dediyim kimi, bunun üçün yaxşı təklif olmalıdır.
XANOĞLAN İMANOV
